TBİLİSİDƏ İQTİSADİ ƏMƏKDAŞLIĞA DAİR AZƏRBAYCAN-GÜRCÜSTAN HÖKUMƏTLƏRARASI KOMİSSİYASININ İLK İCLASI KEÇİRİLMİŞDİR
İclası Gürcüstanın Baş naziri Zurab Jvaniya açaraq qonaqları salamlamış və ilk birgə tədbirin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana qarşıdakı rəsmi səfəri ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır. O, dövlət başçılarının bütün sahələrdə əməkdaşlığın daha da yaxşılaşdırılması yönümündə həyata keçirdikləri tədbirlərin yaxın gələcəkdə səmərə verəcəyini bildirməklə yanaşı demişdir ki, iki ölkənin ötənilki mal dövriyyəsinin 108,8 milyon ABŞ dolları təşkil etməsini qənaətbəxş saymaq olmaz.
Baş nazir vurğulamışdır ki, “Azərbaycan və Gürcüstan yalnız mehriban qonşu, qardaş ölkələr deyil, gələcəkdə Avropa ölkələrinin timsalında bir-biri ilə inteqrasiya olunacaq müstəqil dost dövlətlərə çevriləcəkdir.
Azərbaycan Baş nazirinin birinci müavini, komissiyanın həmsədri Abbas Abbasov iclas iştirakçılarına Prezident İlham Əliyevin səmimi salamlarını çatdırmış, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Gürcüstan əməkdaşlığının daha da inkişaf etdirilməsinə dövlətimizin başçısının böyük əhəmiyyət verdiyini bildirmişdir. Bölgədə Azərbaycanın Gürcüstan, Gürcüstanın isə Azərbaycan üçün xüsusi rol oynadığını vurğulayan A.Abbasov bu ölkələrin cəlb olunduqları böyük layihələrin artıq dünyanın diqqətini çəkdiyini vurğulamış, Tbilisi Azərbaycan teatrına dövlət statusu verildiyinə, respublikamızın Gürcüstandakı səfirliyinə yeni bina tikilməsi üçün yer ayrıldığına görə Gürcüstan hökumətinə təşəkkür etmiş, Azərbaycanda da gürcü teatrı üçün eyni şərait yaradılacağını demişdir.
Zurab Jvaniya və Abbas Abbasov komissiyanın ilk iclasının protokolunu imzalamışlar.
Azərbaycanın Tbilisidəki səfiri Ramiz Həsənov və Gürcüstanın Bakıdakı səfiri Zurab Qumberidze iştirak etmişlər.