Teatr Muzeyində növbəti maarifləndirici tədbir - “Həyatının günəşini söndürmə”
Bakı, 25 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq hər il respublikamızın müxtəlif müəssisələrində narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbirlər həyata keçirilir. Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində gənclərimizin bu mövzuda maarifləndirilməsi məqsədilə “Həyatının günəşini söndürmə” adlı növbəti tədbir təşkil olunub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbiri muzeyin əməkdaşı Fatimə Nəzərova açaraq narkomaniya və onun törətdiyi fəsadlar barədə məlumat verib və ardınca muzey əməkdaşları tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.
Tədbir çərçivəsində Bakı şəhəri Narkoloji Dispanserin həkim-narkoloqu Fizzə Baxışova , Eros Psixologiya Mərkəzinin baş psixoloqu, Ümumrusiya Peşəkar Psixoterapiya Liqasının həqiqi üzvü Vəfa Əkbər və həmin mərkəzin ailə, uşaq və yeniyetmələr üzrə psixoloqu, Ümumrusiya Peşəkar Psixoterapiya Liqasının həqiqi üzvü İlahə Dəmirbəy yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, sağlam inkişaf etməsi istiqamətində maarifləndirici söhbət aparıblar və çıxışlar ətrafında diskussiyalar qurulub.