TƏBİB "Bakı Marafonu”nda tibbi xidməti təşkil edib
Bakı, 8 may, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 briqadası "Bakı Marafonu"nda xidmət göstərmək üçün təhkim olunub.
AZƏRTAC TƏBİB-ə istinadla bildirir ki, tibbi briqadalar tərəfindən zərurət yarandığı hallar üzrə ilkin yardım göstərilib. 30-dək yarış iştirakçısına müxtəlif travmalar, arterial hipertenziya, hipotenziya səbəbindən yardım olunub.
Eyni zamanda, TƏBİB tərəfindən “Bakı Marafonu”nun 45 nəfərədək supervayzer və könüllülərinə yarış iştirakçılarının səhhətində yarana biləcək problemlər zamanı ilkin yardım göstərə bilmələri üçün təlim keçirilib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu" Təşkilat Komitəsi tərəfindən mayın 7-də "Küləyə qalib gəl" devizi altında keçirilən ümumrespublika yarışı idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.
TƏBİB-in əməkdaşları da ümumrespublika yarışında iştirak edərək öz güclərini sınayıblar.
Xatırladaq ki, yarışda kişilər arasında birinci yeri ukraynalı idmançı Boqdan Simonoviç qazanıb. Gürcüstanlı David Karataşvili finişə ikinci, türkiyəli Arkan Çoban üçüncü çatıb.
Qadınlar arasında ukraynalı Natalya Simonoviç qalib olub. İkinci yerdə türkiyəli Hasibe Demir, üçüncü yerdə ukraynalı Valentina Poltavska qərarlaşıb.