TƏBİB-də vətəndaşların sağlamlıq problemləri və işlə təminatı məsələlərinə dair müraciətləri dinlənilib
Bakı, 1 iyun, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov TƏBİB-in inzibati binasında vətəndaşlarla görüşüb. Görüşdə TƏBİB-in struktur bölmə rəhbərləri də iştirak ediblər.
AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, görüş zamanı vətəndaşların sağlamlıq problemləri, işlə təminatı, tibb müəssisələrində təchizat və sair məsələlərə dair müraciətləri dinlənilib.
Bir sıra vətəndaş müraciətləri yerindəcə öz müsbət həllini tapıb. Araşdırılması tələb olunan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həlli ilə əlaqədar müvafiq struktur bölmə rəhbərlərinə tapşırıqlar verilib.
Eyni zamanda, TƏBİB-in fəaliyyət sahələrinə aid olmayan müraciətlər müvafiq qurumlara ünvanlanması üçün qeydiyyata alınıb.