TƏBİB-in İdarə Heyətinin sədri uşaqların müalicə şəraiti ilə tanış olub
Bakı, 2 iyun, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda olub.
İlk olaraq institutun Təcili yardım, Yenidoğulmuşların patologiyası, Anesteziologiya və İntensiv terapiya, həmçinin Reanimasiya və İntensiv terapiya şöbələrində görülən işlərlə tanışlıq olub.
AZƏRTAC TƏBİB-ə istinadla bildirir ki, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev institutdakı şərait, görülən işlər, müalicə alan uşaqlar və mövcud çətinliklərlə bağlı məlumat verib.
Bildirilib ki, institutda 250 çarpayılıq 10 klinik şöbə, 6 elmi bölmə və bir çox paraklinik bölmələr fəaliyyət göstərir. 50 çarpayılıq Yenidoğulanların reanimasiya və intensiv terapiyası şöbəsi respublika üzrə mərkəz funksiyasını yerinə yetirir.
Daha sonra Vüqar Qurbanov institutda müalicə alan II Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Bəhruz İsgəndərovun qızı Mədinə İsgəndərovanın vəziyyəti və müalicəsi ilə maraqlanıb, həmçinin Reanimasiya və yarımçıqdoğulmuşlar bölmələrində müalicə alan uşaqlara baş çəkib.
Eyni zamanda, V.Qurbanov valideyn himayəsindən məhrum olmuş və uşaq sığınacağında məskunlaşmış, Elmi-Tədqiqat Pediatriya İnstitutunda sünnət edilən uşaqları ziyarət edib.
Sonda xidmət keyfiyyətinin artırılması üçün müvafiq tapşırıq və tövsiyələr verilib.