CƏMİYYƏT
TƏBİB: Koronavirusa yoluxan Xalq artisti Ənvər Həsənova bütün zəruri tibbi xidmətlər göstərilir
Bakı, 31 avqust, AZƏRTAC
Xalq artisti Ənvər Həsənovun müalicəsinə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Xəzər Tibb Mərkəzində davam edilir.
TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, avqustun 30-da “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilən Ə.Həsənovun bir neçə gün əvvəl ev şəraitində koronavirusa yoluxduğu məlum olub. COVID-19-la bağlı verilən testin nəticəsi bu gün pozitiv çıxıb.
Eyni zamanda, Xalq artistinin ağciyərinin yoxlanılması məqsədilə TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan həkim-pulmonoloq dəvət edilib. Müayinə zamanı Xalq artistinin ağciyərində hər-hansı ağırlaşmanın olmadığını və iltihabın aparılan müalicə prosesinə uyğun olaraq sovrulduğu müşahidə edilib. Hazırda Ə.Həsənovun vəziyyəti stabildir və ona bütün zəruri tibbi xidmətlər göstərilir.
Qeyd edək ki, Xalq artisti öz istəyi ilə Xəzər Tibb Mərkəzində müalicəsinin davam edilməsini istəyir.