Təcili yardım sisteminin təkmilləşdirilməsi üzrə hibrid simpozium keçiriləcək
Sumqayıt, 25 noyabr, Firuz Novruzov, AZƏRTAC
USAİD Azərbaycanın maliyyə dəstəyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə ofisinin təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsinin “Təcili yardım sisteminin təkmilləşdirilməsi üzrə hibrid simpozium”un planlaşdırılması üçün ÜST-nin nümayəndələri ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələri rəhbərləri arasında növbəti görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Sumqayıt Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib.
Kliniki Tibbi Mərkəzdə keçirilən görüşdə Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri Halil İbrahim Durak, Hasan Odabaşı, Başak Bayram, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Analitika və statistika şöbəsinin müdiri Rəşad Çobanlı, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov, Yeni Klinikanın direktoru Cavid Paşayev, Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Hüseyn Emin, Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova və Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinin baş həkimi Maisə İsmayılova iştirak ediblər.
Görüş zamanı “Təcili yardım sisteminin təkmilləşdirilməsi üzrə hibrid simpozium”un proqramı müzakirə edilib. Proqram haqqında məlumat verən Halil İbrahim Durak simpoziumun hansı tibb müəssisələrində keçiriləcəyi, məqsədi, gözləntiləri və öhdəlikləri barədə görüş iştirakçılarını məlumatlandırıb. Mütəxəssis təşkil olunacaq simpoziumun daha çox nəzəri yox, praktiki üsullarla, mütəxəssislər tərəfindən keçiriləcəyini bildirib.
Görüş iştirakçılar arasında proqramın ətraflı müzakirəsi ilə davam edib.
Daha sonra tədbir iştirakçıları Kliniki Tibbi Mərkəzin yeni istifadəyə verilmiş Təcili yardım şöbəsinə baxış keçiriblər. İştirakçılar yeni yaradılan şöbənin tibbi təchizatı, texniki avadanlıqları, strukturu və s. ilə tanış olublar.
Qeyd edək ki, “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilir.