Tədris-Cərrahiyyə Klinikasında varikozun ən müasir metodla müalicəsi aparılır
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasında Türkiyənin Ege Universiteti mütəxəssislərinin iştirakı ilə varikoz xəstəliyinin ən son müalicə metodu olan “Variclose” sistemi ilə “sianakrilatla embolizasiya” adlanan unikal cərrahiyyə əməliyyatı icra edilir.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu, nəinki Azərbaycanda, hətta MDB məkanında aparılan ilk əməliyyatdır. Bu əməliyyat metodu dünyada iki növ texnologiya ilə icra olunur. Onlardan biri türk texnologiyasıdır. Beynəlxalq səviyyədə qəbul olunmuş bu metod “Variclose” adlanır. Əməliyyat zamanı qansızmalar olmur. Ümumi və yerli ağrısızlaşmaya ehtiyacın olmaması, əməliyyatdan sonra kompression corabdan istifadə edilməməsi də bu metodun üstünlüyüdür. Xəstə əməliyyatdan bir saat sonra klinikanı tərk edir və gündəlik iş rejiminə qayıdır.
Müalicə metodu ilə daha yaxından tanış olmaq məqsədilə ATU-nun professoru Məhəmməd Kərimov Türkiyənin Ege Universitetində cərrahiyyə əməliyyatlarında iştirak edib. Yeni müalicə metodunun yüksək effektivliyinə və təhlükəsizliyinə əmin olduqdan sonra türkiyəli mütəxəssislər Tədris-Cərrahiyyə Klinikasına dəvət olunublar və onların iştirakı ilə 6 xəstə əməliyyat olunub. Hazırda xəstələr özlərini çox yaxşı hiss edirlər.
M.Kərimov deyib: “Qarşımıza qoyduğumuz əsas məqsəd dünyada bu sahədə olan bütün yenilikləri, o cümlədən ən son metod hesab olunan “Variclose” sistemi ilə əməliyyatları müalicə işimizdə tətbiq edib varikozdan əziyyət çəkən insanlara adekvat yardım göstərməkdən ibarətdir.”