Tehran Universitetində “Azərbaycanın qadın şairlərinin təzkirəsi” mövzusunda diplom işi müdafiə olunmuşdur
Tehran, 11 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının vətəndaşı, Tehran Universitetinin magistri Səmra İsmayılzadə “Azərbaycanın qadın şairlərinin təzkirəsi” mövzusunda fars dilində diplom işi müdafiə etmişdir. Tarixin uzun zaman kəsiyində öz yaradıcılığı və ictimai fəallığı ilə seçilən 50 şairənin yaradıcılığını araşdıran magistr onların müxtəlif şeirlərini fars dilinə tərcümə etmişdir.
Diplom işində Xurşidbanu Natəvan, Məhsəti Gəncəvi, Mirvari Dilbazi, Mədinə Gülgün, Zivər Ağayeva və başqalarının yaradıcılığına müraciət edən S.İsmayılzadə vurğulamışdır ki, Vətənə tükənməz məhəbbət, şəhidlərimizin ruhuna ehtiram, ata və anaya sevgi, təlim və təhsilin üstünlüyü, təbiət gözəllikləri şairələrimizin ən çox toxunduqları mövzulardır. Azərbaycan və İranın arxiv materiallarından, mötəbər tarixi mənbələrdən, nadir kitablardan istifadə edən magistrin fikrincə, onun diplom işi Azərbaycan ədəbiyyatının inkişafında qadınlarımızın rolunun İranda təbliği istiqamətində mühüm vəsaitdir. Tədqiqatçı əsaslandırır ki, Azərbaycan qadını sülh və sabitlik, tərəqqi və inkişaf tərəfdarı, səxavət və qayğıkeşlik, düzlük və təmizlik, əxlaq və qeyrət nümunəsidir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran