ELM VƏ TƏHSİL
Təhsil müəssisələrində “Narkotiksiz həyat-fiziki və mənəvi kamillik” aylığı keçirilir
Bakı, 8 aprel (AZƏRTAC). Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Narkotiksiz həyat - fiziki və mənəvi kamillik” devizi altında aylıq keçirilir.
BŞTİ-dən AZƏRTAC-a bildirmişlər ki, aylığın əsas məqsədi məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, mənəvi saflığının, sağlam həyat tərzinin təmin olunması, onların zərərli vərdişlərdən uzaqlaşdırılması, habelə məktəblilər arasında hüquq pozuntuları və cinayətkarlıq, sərxoşluq və siqaretçəkmə hallarını doğuran səbəblərin müəyyənləşdirilib aradan qaldırılması, narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının vaxtında alınmasıdır. Digər məqsəd isə məktəblilərin zərərli vərdişlər və onların törətdiyi acınacaqlı fəsadlar haqqında maarifləndirilməsi, belə hallara qarşı kütləviliyin artırılması, uşaq, yeniyetmə və gənclərdə sağlam təfəkkürün formalaşdırılmasıdır.
Mart ayından başlanılan bu aylıq BŞTİ-yə daxil olan təhsil müəssisələrini əhatə edir. Bu məqsədlə məktəblərdə mütəxəssislərin iştirakı ilə konfrans, seminar, “dəyirmi masa”lar və digər tədbirlər keçirilir. Həmçinin məktəblilər arasında mövzu ilə əlaqədar “Ən yaxşı referat”, “Ən yaxşı plakat” və “Ən yaxşı səhnəcik” müsabiqələri və sərgiləri təşkil edilir.
Şərtlərə uyğun olaraq paytaxtın hər rayonu üzrə 1 təhsil müəssisəsində “Narkotiksiz həyat - fiziki və mənəvi kamillik” aylığı ilə əlaqədar yekun tədbir keçirilir. Rayon üzrə yekun tədbirdə fəal iştirak edən təhsil işçiləri, məktəblilər, elan olunan müsabiqələrin qalibləri mükafatlandırılırlar.