TƏHSİL NAZİRLİYİNDƏ YAPONİYA BEYNƏLXALQ ƏMƏKDAŞLIQ BANKININ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ OLMUŞDUR
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə M.Mərdanov Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı ilə 2005-ci ildən etibarən əlaqələr yaradıldığını və elə həmin ildə adı çəkilən bankla nazirlik arasında peşə təhsilinin inkişafı layihəsinin hazırlanması üçün pilot tədqiqatın icra sazişinin imzalandığını bildirmişdir.
Sazişə əsasən yaradılmış 5 nəfərdən ibarət tədqiqat qrupunun bir neçə dəfə ölkəmizdə olduğunu, müxtəlif nazirliklərdə və qeyri-dövlət təşkilatlarında çoxsaylı görüşlər keçirdiyini söyləyən nazir, onun 93 texniki peşə təhsili müəssisəsinin fəaliyyətini tədqiq etdiyini nəzərə çarpdırmışdır.
Şoxey Hara əməkdaşlıqdan razı qaldığını açıqlamışdır.
Tədqiqat qrupunun rəhbəri Akihiro Kudo demişdir ki, qrupun hazırladığı ilkin yekun hesabat Nazirlər Kabinetinə və Təhsil Nazirliyinə təqdim olunmuşdur. Hesabatda texniki peşə təhsilinin mövcud vəziyyəti təhlil edilmiş, bu sahədəki problemlər əksini tapmış, habelə müvafiq təkliflər verilmişdir.
O, texniki peşə təhsili sahəsində maddi-texniki və tədris bazasının müasir tələblərə cavab vermədiyini, tədris avadanlığının yararsız olduğunu və digər problemləri, habelə hesabatda YBƏB tərəfindən göstəriləcək dəstəyin istiqamətlərinin müəyyənləşdirildiyini də diqqətə çatdırmışdır.
M.Mərdanov ölkəmizin texniki peşə təhsili müəssisələrində apardığı tədqiqat işlərinə, problemləri və inkişaf istiqamətlərini müəyyənləşdirdiklərinə görə YBƏB-in nümayəndələrinə təşəkkürünü bildirmişdir.