Tələbə qızlar arasında badminton üzrə muxtar respublika birinciliyi başa çatıb
Naxçıvan, 13 noyabr, AZƏRTAC
10-17 noyabr - Beynəlxalq Tələbə-Gənclər Həftəsi çərçivəsində Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində ali və orta ixtisas təhsili müəssisələrinin qız tələbələri arasında badminton üzrə muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Olimpiya sisteminə əsasən qalibin müəyyənləşdiyi yarışda 5 komanda olmaqla, ümumilikdə, 24 tələbə iştirak edib.
Şəxsi birincilik xarakteri daşıyan yarışda Naxçıvan Dövlət Universitetinin tələbəsi Əminə Hüseynova qalib olub. Naxçıvan Müəllimlər İnstitutundan Ləman Məmmədli ikinci, Naxçıvan Dövlət Universitetinin digər təmsilçisi Büşra Pelinsu Çolak isə üçüncü sırada qərarlaşıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin birgə təşkilatçılığı ilə Tələbə-Gənclər Həftəsi çərçivəsində müxtəlif idman birincilikləri, intellektual yarışlar, film nümayişləri və ekskursiyalar keçirilir. Tədbirlər noyabrın 17-də mükafatlandırma mərasimi ilə yekunlaşacaq.