TƏLƏBƏ TƏQAÜDÜ MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜKAFAT ALMIŞLAR
AZƏRTAC xəbər verir ki, 2006/2007-ci il tədris ili üçün KCA DEUTAG şirkəti ilə ADNA-nın birgə keçirdiyi bu müsabiqədə 6 tələbə - Fuad Ramazanov, Elvin Dostəliyev (qazma mühəndisliyi fakültəsi), Emil Əsgərov, Orxan Əsgərzadə (neft-mexanika fakültəsi), Yaşar Abbas, Məcid Səmədov (energetika fakültəsi) qalib gələrək tələbə təqaüdçüsü elan olunmuşlar.
bp şirkətinin Azərbaycanda əməliyyatlar üzrə vitse-prezidenti Nil Makkleri və KCA DEUTAG şirkətinin Böyük Britaniya, Norveç, Xəzər regionu və Saxalindəki əməliyyatlar üzrə direktoru Brayan Teylor qalib tələbələrə mükafatları təqdim etmişlər.
Mərasimdə çıxış edən B.Teylor demişdir ki, KCA DEUTAG şirkəti hazırda çoxlu sayda Azərbaycan vətəndaşını işə götürür və tələbə təqaüdü proqramının əsas məqsədi də elə savadlı, yüksək potensila malik gənclərin işə cəlb edilməsidir. Proqrama əsasən, bu gənclər gələcəkdə bizim Azərbaycandakı layihə və əməliyyatlarımızda yüksək vəzifələr tutacaqlar.
Tələbə təqaüdü proqramı səkkizinci dəfədir ki, həyata keçirilir. Bu isə tələbələrə aylıq təqaüdün verilməsini, British Councildə ingilis dili dərslərinin təşkil edilməsi və digər peşə təlimi imkanlarının yaradılmasını nəzədə tutur. KCA DEUTAG hazırda 350 nəfərdən artıq Azərbaycan vətəndaşını işlə təmin etmişdir. 2008-ci ilədək bu rəqəm 400 nəfərə çatacaq. 2005-2006-cı tədris ilində təqaüd almış tələbələrdən 3-ü Aberdinə səfərdən qayıtmışdır. Azərbaycanlı tələbələr Aberdində neft sənayesi şirkətlərinin fəaliyyəti ilə yaxından tanış olmuş və özlərinin diplom işləri üçün lazımi məlumatlar toplamışlar.