Tələbələr Radiasiya Problemləri İnstitutunda istehsalat təcrübəsi keçiblər
Bakı, 2 aprel, AZƏRTAC
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının fizika fakültəsinin II və III kurs tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunda istehsalat təcrübəsi keçiblər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, təcrübə müddətində tələbələrə radiasiya elminin əhəmiyyətindən söz açılıb, həmçinin institutun tarixi, elmi tədqiqat istiqamətləri və əldə olunan nailiyyətlər barədə məlumat verilib.
Sonra tələbələr institutun yarımkeçiricilərin radiasiya fizikası, polimerlərin və elektroaktiv kompozit materialların radiasiya fizikası, ətraf mühitə zərərli faktorların fizika və kimyası və İQ (infraqırmızı spektroskopiya) laboratoriyalarında aparılan elmi-tədqiqat işlərində iştirak ediblər. Onlar laboratoriyaların fəaliyyət istiqamətləri barədə, eləcə də institutda mövcud olan cihaz və qurğular haqqında məlumat alıblar.
İstehsalat təcrübəsinin təşkilində məqsəd gənclərin elmi tədqiqatlara marağının artırılması və gələcək üçün savadlı kadrların yetişdirilməsidir.