Tələbələr üçün vaxtın idarə olunmasına dair təlim
Bakı, 20 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru tələbələr üçün “Başlamaqdan qorxan zehin” adlı maarifləndirici və interaktiv təlim təşkil edib. Təlimin keçirilməsində məqsəd iştirakçılarda ertələmə davranışının mahiyyəti, arxasında duran psixoloji mexanizmlər, onun gündəlik həyata təsiri barədə daha dərin anlayış formalaşdırmaq olub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, təlim zamanı mütəxəssislər ertələmənin yaranma səbəblərini – qorxu, motivasiya çatışmazlığı və qərarsızlıq kimi amilləri ətraflı izah ediblər. Eyni zamanda, bu davranışın aradan qaldırılması üçün səmərəli üsullar iştirakçıların diqqətinə çatdırılıb.
Təlimdə vaxtın düzgün planlaşdırılması və səmərəli idarə olunması ilə bağlı tövsiyələr verilib. Tədbir iştirakçıları şəxsi təcrübələrini bölüşərək gündəlik həyatlarında qarşılaşdıqları çətinlikləri müzakirə ediblər.
Daha sonra “Pomodoro texnikası” haqqında ətraflı məlumat təqdim olunub və bu üsul üzrə praktiki məşğələlər təşkil edilib. İştirakçılar texnikanı yerində tətbiq edərək onun effektivliyini təcrübədən keçiriblər.
Sonda isə ertələmə davranışını vizual şəkildə izah edən qısametrajlı videoçarx nümayiş olunub.