Tələbələr Ulu Öndərin 100 illik yubileyi münasibətilə ədəbi-bədii kompozisiya təqdim ediblər
Şirvan, 9 may, Aydın Yavərzadə, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şirvan Peşə Liseyində tədbir keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının rəhbərliyi, Şirvan Peşə Liseyinin kollektivi və tələbələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, mənalı və şərəfli ömür yolundan danışıb. Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş hər bir tədbirin onun siyasi fəaliyyətinə bir daha nəzər salınması, ideyalarının təbliği və gənc nəsillərə ötürülməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb.
Sonra YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Peşə Liseyinin direktoru Elnur Novruzov, liseyin tarix müəllimi Mətanət Rəhimova çıxış edərək, dünyaşöhrətli siyasi xadim, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqın xilaskarı Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində zəngin və çoxşaxəli misilsiz xidmətlərindən söz açıblar.
Tədbir lisey tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiya və konsert proqramı ilə davam edib.