Tələbələr ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydaları barədə məlumatlandırılıblar
Lənkəran, 1 aprel, Bağır Əliyev, AZƏRTAC
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzi pedaqoji kadrların seçimi və qiymətləndirilməsi ilə bağlı tədbirlərin keyfiyyətinin artırılmasına, bu sahədə təşkilati işlərin daha səmərəli həyata keçirilməsinə nail olmaq məqsədilə ölkəmizin ali təhsil müəssisələri ilə əlaqələrini genişləndirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İnsan Resursları Mərkəzinin bir qrup əməkdaşı bu məqsədlə aprelin 1-də Lənkəran Dövlət Universitetində (LDU) olub.
LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qonaqlara universitet və tədris olunan ixtisaslar, məzunların işlə təminatı ilə bağlı görülən işlər, keçirilən məzun yarmarkaları, pedaqoji kadrların yerləşdirilməsi zamanı yaranan problemlər barədə ətraflı məlumat verib.
Dağ rayonlarının ucqar kəndlərində pedaqoji kadrlara olan ehtiyacı ödəmək məqsədilə həmin rayonlardan olan məzunlara müəyyən imtiyazların verilməsinin problemin həllinə müsbət təsir edəcəyini deyən N.İbrahimov bu istiqamətdə bir sıra təkliflər irəli sürüb.
İnsan Resursları Mərkəzinin baş mütəxəssisi Suğra Quliyeva təkliflərin gələcək layihələr zamanı nəzərə alınacağını bildirib.
İnsan Resursları Mərkəzinin əməkdaşları tərəfindən LDU-da keçirilən maarifləndirici seminarda tələbələrə ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydaları, müsabiqənin mərhələləri barədə ətraflı məlumat verilib, Mərkəzin fəaliyyəti barədə təqdimat keçirilib.
Tədbir iştirakçıları, həmçinin müəllimlərin işə qəbulu ilə əlaqədar məlumatlandırılıb, onların sosial rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlərin əhəmiyyəti qeyd olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.