“Təlimçilər üçün təlim” kursu təşkil olunub






Bakı, 2 noyabr, AZƏRTAC
2021-ci ildən başlayaraq ölkəmizdə ÜST-nin Azərbaycan nümayəndəliyi tərəfindən tibbi tədris proqramlarının beynəlxalq təcrübəyə uyğunlaşdırılması və yerli mütəxəssislərin bilik və bacarıqlarının yenilənməsi və təkmilləşdirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi davam edir. Həmin tədbirlər çərçivəsində Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTI) kafedraların əməkdaşları üçün “Təlimçilər üçün təlim” adlı növbəti kurs təşkil olunub.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimin açılışında iştirak edən ÜST-nin Azərbaycan nümayəndəliyinin beynəlxalq eksperti, professor İbrahim Durak kursun xüsusi proqram çərçivəsində həyata keçirilməsi üçün Türkiyə və yerli mütəxəssislərin cəlb olunduğunu və bunun gələcəkdə institutun tədris fəaliyyətinə böyük xeyir verəcəyini bildirib.
Təlimdə pediatriya, terapiya, əczaçılıq, nevrologiya və klinik neyrofiziologiya, səhiyyənin təşkili və menecmenti, mamalıq və ginekologiya, şüa diaqnostikası, stomatologiya və üz-çənə cərrahiyyəsi, otorinolorinqologiya, mikrobiologiya və epidemiologiya kafedralarının əməkdaşları iştirak ediblər.
Təlimdə iştirakçılara tibbi tədris prosesində istifadə edilən üsul və yanaşmalar, tədris planlarının hazırlanması və istifadə edilən vəsaitlər barədə geniş məlumatlar verilib, mövzularına dair bilik və bacarıqlar praktiki məşğələlər vasitəsilə nümayiş olunub.
ADHTİ-nun prorektoru Təyyar Eyvazov çıxış edərək ölkədə tibbi xidmətlərin yaxşılaşmasına və tibb tədrisinin müasirləşməsinə olan tələblərə əsasən aparılan təlimin institutun tədris prosesinin yenilənməsinə müsbət təsir edəcəyini vurğulayıb.
Təlim iştirakçılarına sertifikatlar təqdim olunub.