Tereza Mey Aİ-dən Brexitin iyunun 30-dək təxirə salmasını xahiş edib
Bakı, 5 aprel, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Tereza Mey Avropa İttifaqından Brexit tarixini 2019-cu il iyunun 30-na qədər təxirə salmasını xahiş edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Tereza Mey müvafiq xahişlə Avropa Şurasının sədri Donald Tuska məktub ünvanlayıb.
“Avropa İttifaqını məlumatlandırıram ki, Böyük Britaniya Brexit vaxtının daha bir dəfə təxirə salınmasını istəyir. Britaniya Avropa İttifaqının tərkibindən çıxma prosesini 2019-cu il iyunun 30-da yekunlaşdırmağı təklif edir... Britaniya Brexit prosesini qətiyyətlə başa çatdırmaq niyyətindədir”, - məktubda belə deyilir. Baş nazir parlamentin Brexit barədə sazişin mətnini indiyə qədər təsdiqləyə bilmədiyi üçün təəssüfünü ifadə edib. O, həmçinin Böyük Britaniyanın Avropa Parlamentinə seçkilərində iştirak etməyəcəyini deyib.
Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən Brexit üzrə referendumun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa ittifaqının tərkibindən çıxmasına səs vermişdi. Ötən il noyabrında isə Sky News telekanalının keçirdiyi sorğunun nəticələrinə əsasən britaniyalıların 54 faizi Böyük Britaniyanın Aİ-nin tərkibində qalmasını istədiyini bildirmişdi.