Tərtərdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
Tərtər, 22 noyabr, AZƏRTAC
Tərtərdə 22 Noyabr - Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov peşə bayramı münasibətilə ədliyyə işçilərini təbrik edib, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışıb.
O, bu tarixi günün Ulu Öndər Heydər Əliyevin 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla təsis olunduğunu diqqətə çatdırıb. Ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşdığını vurğulayaraq bildirib ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı siyasi xətti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində Azərbaycan ədliyyəsinin inkişafı yolunda yeni nailiyyətlər əldə olunub.
Tədbirdə Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyev, polis şöbəsinin rəisi Elçin Qasımov, rayon məhkəməsinin sədri Elşad Bayramov, rayon prokuroru Əli Qurbanov, hərbi prokuror Hümmət Məmmədov və başqaları çıxış edərək Azərbaycan Ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışıblar.
Sonda rayonun bir qrup ədliyyə işçisinə rayon icra hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.