Tərtərdə məskunlaşan Xocalı sakinləri ilə görüş keçirilib
Tərtər, 26 fevral, AZƏRTAC
Xocalı faciəsinin 33-cü ildönümü münasibətilə Tərtər rayonunda anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, müharibə veteranları Şəhidlər abidə kompleksinin önünə gül dəstələri düzüblər. Sonra məktəblilərin faciəyə həsr edilmiş rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında Tərtər rayonunda məskunlaşan xocalı sakinləri ilə görüş keçirilib. Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov Xocalı faciəsinin Azərbaycan xalqına qarşı yönələn soyqırımı olduğunu diqqətə çatdırıb, bu qətliamın dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisi olduğunu qeyd edib. Həmçinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Xocalıya səfərlərindən, Xocalı şəhərinin Ballıca kənd sakinləri ilə görüşlərindən, dövlət başçısının Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında imzaladığı Sərəncamdan bəhs edilib. Bildirilib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı. 30 il davam edən işğala son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Qisas qiyamətə qalmadı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bütün şəhidlərin, eləcə də xocalılıların qisası alındı.
Sonra YAP rayon təşkilatının sədri Eldar Əsədovun Xocalı soyqırımı ilə bağlı məruzəsi dinlənilib.
Xocalı sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.