Tərtərdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Tərtər, 25 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyində ədəbi-bədii tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra tədbir iştirakçıları “Xocalıda məhv olmuş ümidlər” adlı filmi izləyiblər.
Tədbirdə çıxış edənlər ermənilərin Xocalının dinc sakinlərinə, qadınlara, qocalara, uşaqlara qarşı törətdikləri insanlığa sığmayan qəddarlıqlarından danışıblar. Bildirilib ki, təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu soyqırımı cinayəti nəticəsində 613 Xocalı sakini, o cümlədən 106 qadın, 63 uşaq, 70 ahıl xüsusi amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir götürülüb, onlardan 150-nin taleyi isə indiyədək naməlum qalıb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq valideynlərindən hər ikisini, 130 uşaq isə valideynlərindən birini itirib. 487 şəxs, o cümlədən 76 uşaq məruz qaldıqları ağır fiziki və psixoloji işgəncələrdən ömürlük əlilə çevrilib. Xocalı soyqırımı törədilən zaman “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə konvensiyaları kobud şəkildə pozulub.
Diqqətə çatdırılıb ki, Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə məlumatlılığın artırılmasına, bu faciənin dünya ictimaiyyəti tərəfindən tanınması və qətliama siyasi-hüquqi qiymətin verilməsinə yönəlmiş “Xocalıya ədalət!” kampaniyası Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın bir çox ölkəsində davamlı olaraq həyata keçirilir. Kampaniya nəticəsində 18 dövlətin qanunvericilik orqanı, ABŞ-ın 24 ştatı, eləcə də İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən bu qəddar qətliam pislənilib, soyqırımı kimi qiymətləndirilib, bununla bağlı müvafiq qərar və qətnamələr qəbul edilib.
Tədbirdə “Qarabağ artıq azaddır” adlı ədəbi-bədii kompozisiya, həmçinin faciəyə həsr edilmiş kitab sərgisi nümayiş olunub.