Tərtərdə “Zəfərə aparan yol: Milli və dini həmrəyliyimiz” mövzusunda konfrans keçirilib
Tərtər, 27 noyabr, AZƏRTAC
Tərtər Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol: Milli və dini həmrəyliyimiz” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin moderatoru Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin müdiri vəzifəsini icra edən Pərviz Eyvazov 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə qazanılan böyük Qələbədən danışıb, müharibə zamanı və sonra nümayiş etdirilən milli birliyin və dini həmrəyliyin Qələbədə əsas amillərdən biri olduğunu vurğulayıb.
Konfransda çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, 44 gün davam edən Vətən müharibəsinin hər dəqiqəsi xalqımız üçün taleyüklü əhəmiyyət daşıyırdı. Uzun illərdir düşmən tapdağı altında qalan əzəli və əbədi torpaqlarımız işğaldan azad edildi. Xalqımız bu şanlı Qələbəni artıq 5 ildir ki, böyük ruh yüksəkliyi və sevinclə qeyd etməkdədir. Bu Zəfərin qazanılmasında üç əsas amil başlıca rol oynadı. Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən hərbi-siyasi gedişləri, yüksək peşəkarlığa malik şücaətli Azərbaycan Ordusu, nəhayət, xalqımızın nümayiş etdirdiyi milli və dini həmrəylik müharibənin taleyini həll etdi. Vətən müharibəsində müxtəlif xalqların və dinlərin mənsubu olan azərbaycanlılar çiyin-çiyinə, qətiyyətlə və vətənpərvərliklə döyüşərək qanları, canları bahasına işğala son qoydular.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsində istər döyüş meydanında, istər ideoloji mübarizədə, istərsə də haqq səsimizin beynəlxalq səviyyədə eşidilməsində dini konfessiyalar müstəsna xidmətlər göstərdilər. Onlar tərəfindən cəbhədə Vətən torpaqlarını işğaldan azad edən qəhrəman əsgərlərə humanitar yardımlar göndərildi. İşğal faktına etiraz məqsədilə qeyri-islam dini icmaları tərəfindən müxtəlif səpkili, xarici dillərdə sənədli filmlər, videoçarxlar, məlumat xarakterli materiallar hazırlanaraq yerli və dünya ictimaiyyətinə, o cümlədən beynəlxalq siyasi dairələrə, təşkilatlara, dini mərkəzlərə təqdim edildi.
Konfransda Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov, şəhid Elnur Abbasovun atası Yaşar Abbasov, şəhid Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov, YAP rayon təşkilatının sədr müavini Azər Ağayev və “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova da çıxış ediblər. Çıxışçılar Vətən müharibəsi zamanı düşmən üzərində qazanılan möhtəşəm Qələbədən danışıb, xalqımızın milli birlik nümunəsi göstərdiyini, Azərbaycanın multikultural ölkə olduğunu və ölkəmizdə dini tolerantlığın yüksək səviyyədə olduğunu qeyd ediblər.
Sonra mövzu barədə müzakirələr olub.