Teymur Musayev: Aparılan islahatlar əczaçılıq sənayesinin inkişafı üçün geniş imkanlar açır VİDEO
Bakı, 5 may, AZƏRTAC
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklərə əsasən, dərman vasitələrinin dövlət qeydiyyatı məqsədilə aparılan ixtisaslaşdırılmış ekspertizanın müddəti 90 təqvim gününədək azaldılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakıda keçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı beynəlxalq tədbirdə Azərbaycanın səhiyyə naziri Teymur Musayev səsləndirib.
Onun sözlərinə görə, Qanuna yeni maddə əlavə edilərək xarici qeydiyyatın tanınması üzrə prosedur müəyyən olunub: “Milli qanunvericilikdə son illərdə aparılan islahat tədbirləri, yaradılmış əlverişli biznes mühiti, cəlbedici investisiya şəraiti əczaçılıq sənayesinin inkişafı üçün geniş imkanlar açır.
Azərbaycan Respublikasının ərazisində yaradılan xüsusi iqtisadi zonalarda müasir texnologiya və avadanlıqlarla təchiz edilən əczaçılıq müəssisələri qurulur, xarici tərəfdaşlarla birgə əczaçılıq müəssisələrinin təsis edilməsinə dair əməkdaşlıq müqavilələri imzalanır”, - deyə səhiyyə naziri vurğulayıb.