CƏMİYYƏT
Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında şəhid və qazi ailələri üçün aksiya keçirilir
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikasında şəhid və qazi ailələrinin üzvləri üçün aksiyaya start verilib.
AZƏRTAC xəbər verir ki, ATU-nun Tədris Stomatoloji Klinikasının direktoru Mahir Səfərovun sözlərinə görə, aksiya çərçivəsində şəhid və qazi ailələrinin üzvlərinin ödənişsiz stomatoloji müayinələri və müalicəsi aparılır: “Klinikanın tədris bazasında həkimlərimiz tərəfindən şəhid və qazi ailələrinin üzvlərinə lazımi tibbi xidmətlər göstərilir. Aksiya çərçivəsində pulsuz müayinələrlə yanaşı, xəstələrə hər növ stomatoloji yardım göstərilir - dişlərin kompüter tomoqrafiyasının aparılması, plomb qoyulması, müalicəsi, dişin çıxarılması kimi stomatoloji prosedurlar aparılır. Qeyd edim ki, ATU-nun Stomatoloji Klinikasının kollektivi müharibə qəhrəmanlarını və onların ailə üzvlərinin tibbi problemlərinə daim diqqət və qayğı ilə yanaşır”.
Şəhid və qazi ailə üzvləri üçün stomatoloji aksiya iki həftə davam edəcək. Həmin aksiya Vətən müharibəsi qəhrəmanlarına sosial qayğının gücləndirilməsi işinə ATU-nun bir töhfəsidir.