TKTA-nın təşkil etdiyi təlimin iştirakçılarına sertifikatlar təqdim olunub
Bakı, 29 iyun, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən Azərbaycan Turizm və Menecment Universitetində təşkil olunan “Keyfiyyətyönümlü tədris: yeni təlim metodlarının tətbiqi təcrübələri” mövzusunda ikigünlük təlim kursunu uğurla başa çatdıran iştirakçılara sertifikatlar təqdim edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor İlham Mədətov təhsildə keyfiyyət təminatının və müasir tədris yanaşmalarının ali təhsil müəssisələrinin inkişafında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, belə təlimlər akademik heyətin peşəkar bacarıqlarının artırılmasına və tədris prosesinin daha səmərəli təşkilinə əhəmiyyətli töhfə verir.
Prorektor Araz Aslanlı isə təlim proqramının iştirakçılar üçün faydalı təcrübə mübadiləsi platforması yaratdığını bildirib. TKTA-nın şöbə müdiri Elçin Cəfərov da çıxışında keyfiyyətyönümlü tədrisin ali təhsildə dayanıqlı inkişafın əsas amillərindən biri olduğunu vurğulayaraq, bu sahədə əməkdaşlığın davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirin sonunda təlim proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.