Topaz Premyer Liqasında “Kəpəz” - “Sumqayıt” oyunu heç-heçə yekunlaşıb
Bakı, 4 may, AZƏRTAC
Mayın 4-də futbol üzrə Topaz Premyer Liqasında XXVI turun açılış matçında “Kəpəz” komandası “Sumqayıt”ı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Gəncə şəhər stadionunda oynanılan görüş 1:1 hesabı ilə başa çatıb. Matçda hesabı meydan sahibləri açıblar. Dario Federiko 66-cı dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək adını tabloya yazdırıb. Lakin oyunun sonuna yaxın - 86-cı dəqiqədə Amil Yunanov hesabı bərabərləşdirib - 1:1. Beləliklə, “Kəpəz” - “Sumqayıt” matçı heç-heçə başa çatıb.
Bu oyundan sonra xallarının sayını 40-da çatdıran “Sumqayıt” üçüncü yerdə qərarlaşıb. Sonuncu pillədə yer alan “Kəpəz”in isə 14 xalı var.
Turun ikinci günündə - mayın 5-də “Keşlə” klubu səfərdə “Qəbələ” ilə qarşılaşacaq. Günün digər oyununda isə “Zirə” səfərdə “Səbail”in qonağı olacaq.
Mayın 6-da isə “Qarabağ” və “Neftçi” klubları üz-üzə gələcəklər. Bu oyundan sonra tura yekun vurulacaq.
Qeyd edək ki, hazırda 62 xalı olan “Qarabağ” çempionluğu vaxtından əvvəl bayram edib. “Qəbələ” klubu 45 xalla ikinci, “Sumqayıt” isə 39 xalla üçüncü pillədədir.
Digər pillələrdə isə müvafiq olaraq, “Neftçi” (37), “Zirə” (35 xal), “Keşlə” (24), “Səbail” (23) və “Kəpəz” (13) klubları qərarlaşıblar.