“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO
Bakı, 27 sentyabr, AZƏRTAC
27 Sentyabr – Anım Günü Azərbaycan xalqının Vətən müharibəsində canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etdiyi gündür. Şəhid ailələri və övladları üçün bu tarix böyük qürur mənbəyidir.
AZƏRTAC-a danışan şəhid ailələri Anım Gününün onlar üçün ifadə etdiyi mənadan, şəhidlərin həyat yolundan və Vətən uğrunda göstərdikləri qəhrəmanlıqdan söz açıblar.
Şəhid polkovnik Babək Səmidlinin oğlu Mətləb Səmidli bildirib ki, 27 Sentyabr – Anım Günü şəhid ailələri və şəhid övladları üçün xüsusi əhəmiyyət daşıyır: “Çünki məhz bu tarixdə mənim atam və onun timsalında Azərbaycan Ordusunun qəhrəman hərbçiləri işğal altında olan ərazilərimizin azad edilməsi əməliyyatına başladılar. Bu, mənim üçün böyük qürur mənbəyidir. Bu gün burada iştirak etmək, şəhidlərimizin xatirəsini yad etmək böyük şərəfdir".
Atası haqqında danışan Mətləb Səmidli deyib ki, o, çox mehriban və mülayim insan olub. M.Səmidli bildirib: “Ailədə onun heç vaxt əsəbiləşdiyini xatırlamıram. Daim bizə qarşı diqqətli və qayğıkeş olub. Eyni zamanda, çox yaxşı ailə başçısı idi. Atamla sonuncu dəfə 2020-ci il noyabrın 22-də görüşdük. Həmin axşam evdə idi. Elə bil sonuncu dəfə bizimlə vidalaşmağa gəlmişdi. Səhər gün isə onu özümüz yola saldıq. Ertəsi gün, noyabrın 23-də minaya düşərək şəhid oldu”.

Şəhid Osman Manafovun həyat yoldaşı Aysel Manafova deyib: “Osman şəhidlik zirvəsinə qəhrəmancasına ucaldı. O, bir ay ərzində döyüşlərdə iştirak etdi. Xocavəndin və Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə medallarla təltif olundu. Tez-tez bizimlə əlaqə saxlayardı. Övladı üçün çox narahat olur, onunla maraqlanırdı. Həmişə deyirdi ki, övladımıza mənim kimi bax, mənimlə fəxr etsin. Sonuncu zəngimizi də belə sözlərlə bitirdi: “Torpaqları azad edirik, bayraqları asırıq, sağ-salamat qayıdacağam, sizə qovuşacağam”.
Aysel Manafova şəhid yoldaşı olduğu üçün fəxr etdiyini qeyd edib.
Ehtiyatda olan zabit Ələmdar Abdullayev isə bildirib: “Azərbaycanımızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəmanlarımızın ruhu qarşısında baş əyirəm. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq”.
