Tovuzda qanunsuz olaraq narkotik vasitə satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Tovuz, 12 avqust, Elcan Məmmədov, AZƏRTAC
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini Samir İbrahimov saxlanılıb. Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman oradan metamfetamin və qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində “patı” satmaqda şübhəli bilinən Nizami Məmmədov da saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman isə qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı metamfetamin aşkar edilib.
Bundan başqa, rayon sakini Saleh Məmmədov saxlanılan zaman qanunsuz olaraq əldə edib saxladığı metamfetamin aşkar olunaraq götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.