Tovuzda təcili tibbi yardım avtomobili qəzaya düşdü
Tovuz, 10 mart, AZƏRTAC
Tovuzda təcili tibbi yardım avtomobili qəzaya düşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Aşağı Öysüzlü ərazisində qeydə alınıb. Qovlar şəhərinə çağırışla əlaqədar yardıma gedən UAZ markalı təcili tibbi yardım avtomobili qəfil qarşısına çıxan “VAZ 21011” markalı avtomobillə toqquşub. Hadisə zamanı təcili tibbi yardımın əməkdaşı 36 yaşlı Elvina İsazadə xəsarət alıb. O, dərhal digər təcili tibbi yardım avtomobili ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda yaralının vəziyyəti stabildir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Müxbir- Ruslan Novruzoğlu