Tovuzda yeniyetmələr arasında kros qaçışı üzrə rayon birinciliyində ən güclülər müəyyən edilib
Tovuz, 8 may, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş yeniyetmələr arasında kros qaçışı üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, tədbir Tovuz Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi, həmçinin Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Tovuz Olimpiya İdman Kompleksinin idman meydançasında baş tutub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılışında çıxış edən Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və idman sektorunun müdiri Vasif Abdullayev yarışın məqsəd və əhəmiyyətindən danışaraq vurğulayıb ki, ölkənin hər bir bölgəsində yeniyetmə və gənclərin idmanla məşğul olmaları üçün lazımi şərait yaradılıb, göstərilən qayğı idmanın inkişafına mühüm töhfə verir.
Daha sonra çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov Ulu Öndər Heydər Əliyevin idmana və idmançılara daim xüsusi diqqət və qayğı ilə yanaşdığını qeyd edib. O, həmçinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən gənclər siyasətinin nəticəsi olaraq Azərbaycan gənclərinin vətənpərvər, mütəşəkkil və geniş dünyagörüşlü olduğunu bildirib.
Sonra yarışa start verilib. Qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunublar.