Triatlon üzrə Azərbaycan yığmasının lideri Rostislav Pevçovun Çikaqo zəfəri
Bakı, 21 sentyabr, AZƏRTAC
Triatlon üzrə Azərbaycan yığmasının lideri Rostislav Pevçov karyerasında yeni mərhələyə qədəm qoyub.
Azərbaycan Triatlon Federasiyasından AZƏRTAC-a bildiriblər ki, cari mövsümün yekunlarına əsasən idmançımız Çikaqoda Dünya Seriyasının finalında iştirak etmək hüququ qazanıb.
Mötəbər yarışda yüksək nəticə əldə edən R.Pevçov 11-ci yeri tutub. Ən yaxşıların mübarizə apardığı yarışda triatlonçu dünya elitasına daxil olduğunu sübut etdi. Eyni zamanda, R.Pevçov Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizədə vacib xallar qazanıb.
Yarış zamanı Azərbaycan yığmasının idmançısı London-2012 Olimpiadasının bürünc medalçısı Conatan Brounlini qabaqlayıb. R.Pevçov, eyni zamanda, Avropa Kubokunun qalibi rusiyalı Dmitriy Polyanskiy və ilk Avropa Oyunlarının gümüş medalçısı portuqal Joao Pereyranı üstələyib.
Dünya Seriyasının finalı beynəlxalq təqvimdə ən gözlənilən mübarizədir. Olimpiadadan sonra triatlon üzrə ikinci ən böyük yarış olan Dünya Seriyasının finalını bəzən dünya çempionatı da adlandırırlar. Bu dəfə 75 idmançının iştirak etdiyi kişilərin yarışında ispan Mario Mola qalib olub. Dünya Seriyasının bütün mərhələlərinin yekun nəticəsinə əsasən isə İspaniya yığmasının digər üzvü Xavyer Qomes karyerasında üçüncü dəfə birinci yerə layiq görülüb.
Göstərdiyi yüksək nəticələrə görə Azərbaycan idmançısı Rostislav Pevçov Olimpiya lisenziyasına bir qədər də yaxınlaşıb. Təmsilçimiz artıq Rio-2016-ya vəsiqəni təmin edən idmançıların siyahısında yerini möhkəmlədib.
2016-cı il mayın sonlarında təsnifat mərhələsi başa çatacaq və lisenziyaların sahibləri rəsmən elan olunacaq.