Tur-aksiya iştirakçıları cənub bölgəsində
Lənkəran, 15 mart, Bağır Əliyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olan Quba, Qusar, Xaçmaz, Ağdaş, Ağsu və Qobustan rayonlarının məktəbliləri və onların müəllimləri martın 15-də, günün ikinci yarısında Lənkərana gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında tur-aksiya iştirakçılarını şəhər icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Məktəbliləri və onların müəllimlərini salamlayan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva bildirib ki, dövlətimizin başçısının tövsiyəsi və Prezident Administrasiyasının təşkilatçılığı ilə reallaşan, əhali tərəfindən yüksək qiymətləndirilən “Ölkəmizi tanıyaq” layihəsinin məktəblilərin dünyagörüşünün formalaşmasında və onların ölkəmizi daha yaxından tanımasında əhəmiyyətli rolu var. Tur-aksiyanın iştirakçısı olan şagirdlər parta arxasında öyrəndiklərinin, mətbuatda və internet səhifələrində oxuduqlarının canlı şahidinə çevrilirlər.
Şagirdlər ümummilli lider Heydər Əliyevin adını daşıyan Mərkəzdə Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Tur-aksiyanın iştirakçıları Lənkərandakı “Qafqaz Sahil”, “Palıdlı Sahil” istirahət mərkəzlərində və “Şah” mehmanxanasında yerləşiblər. Şam yeməyindən sonra onlar müxtəlif əyləncəli oyunlarda iştirak ediblər.
Quba, Qusar, Xaçmaz, Ağdaş, Ağsu və Qobustan rayonlarının məktəbliləri martın 16-da Lənkəranla tanışlığı davam etdirəcəklər.