Türkel televiziyası 1 yaşını qeyd etdi
Tovuz, 16 iyun (AZƏRTAC). Tovuz şəhərindəki Turan şadlıq sarayında “Türkel TV” Müstəqil Televiziya Şirkətinin 1 yaşı qeyd olunmuşdur.
“Türkel TV”-nin baş direktoru Təranə Abbasova qonaqları və kollektivi Milli Qurtuluş Günü münasibətilə təbrik edərək Müstəqil Televiziya Şirkətinin bir illik fəaliyyəti haqqında hesabat vermişdir. Qeyd etmişdir ki, ”Turkel TV” respublikanın ən iri regional yayımçısıdır. Azərbaycanın 22 rayonu ilə yanaşı, Gürcüstanın Borçalı, Marneuli, Qardabani və Dmanisi rayonlarını da əhatə edir. Regional televiziyanın 720 kvadratmetrlik çəkiliş pavilyonu dünya standartlarına cavab verən ən yeni və peşəkar televiziya avadanlığı ilə təchiz edilmişdir. Respublikada ilk dəfə olaraq virtual dekorasiyalar və “Cinegy” şirkətinin təqdim etdiyi yeni rəqəmli yayım avadanlığı məhz “Türkel TV”-də quraşdırılmışdır. Hazırda çəkilişlər və yayım həmin texniki vasitələrin köməyi ilə həyata keçirilir.
Sonra natiq hələ ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə mətbuat, radio və televiziya işçilərinə yaradılan iş şəraitdən danışmış, bildirmişdir ki, bu gün KİV Prezidentimiz İlham Əliyev tərəfindən diqqət və qayğı ilə əhatə olunmuşlar.
Təranə Abbasova kollektivin bir ildə qazandığı uğurlardan da danışmış, əksəriyyəti gənclərdən ibarət olan kollektivə yeni-yeni yaradıcılıq uğurları arzulamışdır.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək kollektivin bir illik fəaliyyətindən razı qaldıqlarını bildirmiş və onlara gələcək işlərində müvəffəqiyyətlər arzulamışlar.
Mərasimdə “Türkel TV”-nin fəal işçiləri mükafatlandırılmışlar.
Tədbir “Ozan və zaman” qrupunun, Gəncə Musiqi Kollecinin hazırladığı konsert proqramı ilə davam etdirilmişdir.