DÜNYA
TÜRKİYƏ AVROPA BİRLİYİNƏ DAXİL OLMAQ ƏZMİNDƏDİR
Türkiyə Ədalət və İnkişaf Partiyasının lideri Tayyib Ərdoğanın Avropa Birliyinin üzvü olan ölkələrə bu həftənin əvvəlindən başlanmış səfəri davam edir.
Noyabrın 19-da Ərdoğanın Almaniyanın federal kansleri Gerhard Şröder və xarici işlər naziri Yoşka Fişerlə görüşlərində Türkiyənin yaxın gələcəkdə Avropa Birliyinə üzv qəbul edilməsi məsələsi diqqət mərkəzində olmuşdur. Türkiyəyə Kipr münaqişəsinin həlli yolunda konstruktiv addımlar atmağı məsləhət görən Almaniya siyasətçiləri Avropa Birliyinin dekabrın 12-də Kopenhagendə keçiriləcək zirvə toplantısında Türkiyə Respublikasının birliyə üzv qəbul edilməsi barədə danışıqların yeni vaxtının müəyyənləşdirilməsi məsələsini dəstəkləyəcəklərinə söz vermişlər.
Xatırladaq ki, İspaniyanın baş naziri Xose Maria Asnar da Ərdoğanla görüşündə həmin danışıqların yeni vaxtının müəyyənləşdiriləcəyinə ümidvar olduğunu söyləmişdir.
Türkiyənin Avropa Birliyinə üzv qəbul edilməsi fikrini Belçikanın baş naziri Gi Verhofstadt da qəti şəkildə dəstəkləmiş və bir həftə bundan öncə “Türkiyə Avropa qitəsində yerləşmir və Avropa Birliyinə qəbul edilə bilməz, bu ölkənin birliyə qəbul olunması Avropanın süqutudur” deyən Fransanın sabiq Prezidenti Jiskar D` Estyenin qərəzli mövqeyini “cəfəngiyyat” adlandırmışdır. Baş nazir bildirmişdir ki, Türkiyəni coğrafi cəhətdən Avropaya aid etməyənlər yalnız bu ölkənin müsəlman dövləti olmasına əsaslanırlar. Halbuki, Türkiyə 500 il Balkanda hökmranlıq etsə də, Yunanıstan, Rumıniya, Bolqarıstan və Serbiyanı müsəlmanlaşdırmamış, bu ölkələrin xristianlığına müdaxilə etməyə cəhd göstərməmişdir.
Almaniya kütləvi informasiya vasitələrinin məlumatlarına görə, ABŞ Prezidenti Corc Buş da Türkiyənin Avropa Birliyinə üzvlüyə qəbul edilməsinə tərəfdar olduğunu bildirmişdir. Hazırda Avropa Birliyinə sədrlik edən Danimarkanın baş naziri Rasmussenlə telefon söhbəti zamanı Corc Buş “Türkiyənin Qərbə yaxınlaşması strateji əhəmiyyət kəsb edir” desə də, bəyan etmişdir ki, “ABŞ Avropa Birliyinin daxili işlərinə qarışmaq niyyətində deyildir”.
Yusif Xəlilov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin