TÜRKİYƏ-AZƏRBAYCAN BİZNES ŞURASI İQTİSADİ ƏLAQƏLƏRİ GENİŞLƏNDİRMƏK NİYYƏTİNDƏDİR
Görüşdə Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsi perspektivləri, DEİK ilə İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə olunmuşdur.
İqtisadi inkişaf naziri Heydər Babayev qonaqlara Azərbaycanda aparılan iqtisadi islahatlar, onların uğurlu nəticələri barədə ətraflı məlumat vermişdir. Nazir H.Babayev son üç ay ərzində ümumi daxili məhsulun real artımının ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,5 faizə çatmasının iqtisadiyyatımızın yüksək templə inkişafının göstəricisi olduğunu görüş iştirakçılarının diqqətinə çatdırmışdır. Nazir, həmçinin qeyd etmişdir ki, hazırda əsas prioritet istiqamət qeyri-neft sektorunun inkişafından ibarətdir və bu sahədə qardaş Türkiyə ilə əməkdaşlığa xüsusi önəm verilir.
Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Cengiz Gül DEİK-in fəaliyyəti barədə məlumat vermiş və Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin inkişafında təmsil etdiyi qurumun rolunu vurğulamış, gələcəkdə DEİK-in İqtisadi İnkişaf Nazirliyi ilə əməkdaşlıq etməsi məqsədi ilə əlaqələndirici nümayəndənin təyin edilməsini təklif etmişdir.
Nazir H.Babayev ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına yardım göstərmək arzusunda olduqlarına görə DEİK nümayəndələrinə təşəkkür etmiş və bu istiqamətdə təşkilata hər cür dəstək göstəriləcəyini vurğulamışdır.
DEİK sədrinin təklifini müsbət qiymətləndirən H.Babayev, əlaqələndirici nümayəndənin təyin ediləcəyini bildirmiş, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun uğurla fəaliyyət göstərdiyini və DİEK-in Fondla əməkdaşlıq etməsinin məqsədəuyğunluğunu da qonaqların diqqətinə çatdırmışdır.
Görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Erkan Kılıc, ticarət müşaviri Osman Özcan, III katibi Ayşe İnanç, qardaş ölkənin “Kolin İnşaat A.Ş.”, “A.A.K. Qida Sənaye A.Ş.”, “İş Yatırım Menkul Değerler A.Ş.”, “Tekfen”, “Genay İnşaat A.Ş.” şirkətlərinin rəhbərləri iştirak etmişlər.