Türkiyə Cümhuriyyətinin 90 illiyi Tokioda təntənəli şəkildə qeyd edilmişdir
Tokio, 30 oktyabr (AZƏRTAC). Türkiyə Cümhuriyyətinin yaradılmasının 90-cı ildönümü münasibətilə Türkiyə Respublikasının Yaponiyadakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil edilmiş, “Ərtoğrul Sərgisi”nin açılış mərasimi keçirilmişdir.
Tədbirdə Türkiyə Respublikasının rəsmi nümayəndələri, Yaponiyanın Baş nazirinin xanımı Akie Abe, nazirlər, parlamentin deputatları, diplomatik korpusun təmsilçiləri, o cümlədən Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə iştirak etmişlər.
Türkiyə Respublikasının və Yaponiyanın dövlət himnləri səsləndirilmişdir.
Tədbirdə çıxış edən Türkiyə Respublikasının Yaponiyadakı səfiri Sərdar Kılıç XX əsrin əvvəllərində türk xalqının İstiqlal uğrunda apardığı mübarizədən danışmışdır. Qeyd olunmuşdur ki, Osmanlı dövlətinin süqutundan sonra Mustafa Kamal Atatürkün rəhbərliyi və türk xalqının iradəsi ilə aparılan azadlıq mübarizəsi öz bəhrəsini vermiş, müstəqil, demokratik, hüquqi və dünyəvi Türkiyə Cümhuriyyəti yaradılmışdır.
Səfir Türkiyə-Yaponiya əlaqələrinin qarşılıqlı inam və etibar, strateji müttəfiqlik zəminində uğurla inkişaf etdiyini bildirmişdir. Öz kökünü iki böyük xalqın qədim tarixindən aldığını vurğulayan S.Kılıç təşkil edilmiş “Ərtoğrul Sərgisi”nin buna bir nümunə olduğunu qeyd etmişdir. 1887-ci ildə Yaponiya İmperatorunun qardaşı oğlunun İstanbulu ziyarətindən sonra, Sultan II Əbdülhəmidin əmrinə əsasən təşkil edilmiş səfərin faciəli sonluqla başa çatmasına baxmayaraq, iki xalqı biri-birinə daha da yaxınlaşdırdığı vurğulanmışdır. Bildirilmişdir ki, yapon xalqı tərəfindən böyük ehtiramla qarşılanan “Ərtoğrul” freqatı geriyə dönərkən 1890-cı il sentyabrın 16-da fırtınaya düşərək qayalara çırpılmış və Kuşimoto yaxınlığında batmışdır. Gəmi heyətinin 532 üzvü həlak olmuş, yalnız 69 nəfər xilas edilmişdir. Yapon xalqı həlak olanların xatirəsinə böyük ehtiramla yanaşaraq həmin qəsəbədə abidə ucaltmış, 1974-cü ildə isə burada “Türk muzeyi” açılmışdır.
Türkiyə ilə Yaponiya arasında qarşılıqlı əlaqələrin bu gün də yüksək səviyyədə olduğunu vurğulayan səfir hazırda Baş nazir Şinzo Abenin İstanbulda olduğunu və Cümhuriyyətin 90 illiyi tədbirlərinə qatıldığını xatırlatmışdır. Bildirilmişdir ki, Yaponiya şirkətləri ilə birlikdə Bosfor Körfəzi altında inşa edilmiş dəmir yolu tuneli Türkiyə-Yaponiya əlaqələrinin bundan sonra da yüksək səviyyədə olacağına böyük inam yaradır.
Tədbirdə çıxış edən Yaponiya Baş nazirinin xanımı Akie Abe və Kuşimoto bələdiyyəsinin sədri Katsumasa Taşima Türkiyə Respublikasının milli bayramını - respublika elan olunmasının 90 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, Türkiyə xalqına və dövlətinə inkişaf və tərəqqi arzularını çatdırmışlar.
Sonra “Ərtoğrul Sərgisi”nin açılışını bildirən rəmzi lent kəsilmiş, tədbir iştirakçıları sərgi ilə tanış olmuşlar.
Rəsmi qəbul ziyafətlə başa çatmışdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio