TÜRKİYƏ ERMƏNİSTAN PREZİDENTİNİN BƏYANATLARINI XƏSTƏ TƏXƏYYÜLÜN SAYIQLAMALARI ADLANDIRMIŞDIR
Köçəryanın Berlindəki Bertelsman Assosiasiyasındakı görüş zamanı səsləndirdiyi bəyanatlara münasibət bildirən türk diplomatı, sərhədlərin açılmasının mümkün olmadığını bildirərək, ermənilərin hələ də Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladığını xatırlatmış, Yerevanın ilk olaraq sülhə sadiq olduğunu sübut etməsinin zəruriliyini vurğulamışdır.
Ankarada ən çox heyrət doğuran isə Ermənistan Prezidentinin Rəcəb Tayyib Ərdoğanın təklifinə münasibəti olmuşdur. Qondarma “erməni soyqırımı”nı araşdırmaq üçün tarixçilərdən ibarət bir komissiya yaradılması təklifini “Türkiyənin siyasi gedişi” olduğunu bildirən Köçəryan, öz növbəsində, siyasətçilərdən ibarət komissiya yaradılmasını təklif etmişdir.
Ötən həftə Türkiyənin xarici işlər naziri Abdullah Gülün Ankaranın erməni iddialarına qarşı beynəlxalq məhkəməyə müraciət edəcəyinə dair bəyanatına münasibət bildirən türk siyasətçiləri, ermənilərin bu məhkəmədən də imtina edərək, qondarma “soyqırımı” məsələsini yenə də siyasi müstəvidə saxlamağa çalışacaqlarını bildirirlər. Siyasi icmalçı, professor Nilgün Gülcanın fikrincə, ermənilər beynəlxalq hüququn 1915-ci ildə baş vermiş hadisələrin soyqırımı kimi qəbul etmədiyini gözəl anlayırlar və bu səbəbdən məhkəmə ehtimalından qorxurlar.
Köçəryanın daha bir bəyanatı isə, qardaş Türkiyə siyasətçilərini hiddətləndirmişdir. Belə ki, ermənilərin lideri Sovet İttifaqı dağıldıqdan sonra Dağlıq Qarabağın öz müstəqilliyini elan etdiyini və bu ərazinin heç vaxt Azərbaycanın bir hissəsi olmadığını demişdir. Türkiyə mətbuatı Avropa İttifaqı və ATƏT-in Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı faktını pislədiklərini, bu qondarma qurumu dünyanın heç bir dövlətinin tanımadığını diqqətə çatdıraraq, Köçəryanın bəyanatını xəstə təxəyyülün sayıqlamaları adlandırmışdır.