SİYASƏT
Türkiyə parlamentinin deputatı Azərbaycan dövlətinə təşəkkür etmişdir
![Türkiyə parlamentinin deputatı Azərbaycan dövlətinə təşəkkür etmişdir](/files/2013/3/1200x630/14071451214767628094_1200x630.jpg)
İstanbul, 11 noyabr (AZƏRTAC). Türkiyə Böyük Millət Məclisinin Ərdahandan olan deputatı Ensar Öyüt mətbuat üçün açıqlamasında noyabrın 16-da təməlqoyma mərasimi keçiriləcək Çıldır Aktaş sərhəd məntəqəsinin əhəmiyyətini qeyd etmiş, bu məntəqənin Gürcüstan tərəfində magistral yolun təmirinə göstərdiyi kömək üçün Azərbaycan dövlətinə təşəkkürünü bildirmişdir.
Sərhəd qapısının qardaş Azərbaycana daha bir alternativ yol açacağını vurğulayan türkiyəli deputat bildirmişdir ki, bu keçid məntəqəsinin Gürcüstan hissəsindəki yolun salınması Azərbaycan Prezidenti İlham Əliyevin qayğısı sayəsində mümkün olmuşdur. Hələ, 2007-ci ildə parlament nümayəndə heyətinin tərkibində Azərbaycanın dövlət başçısının qəbulunda olduğu zaman bu xahişi ona çatdırdığını xatırladan E.Öyüt , bir daha Prezident İlham Əliyevə bu qayğısı üçün təşəkkürünü bildirmişdir.
Sərhəd məntəqəsinin 2014-cü ilin avqust ayında istifadəyə verilməsindən sonra Azərbaycana Ərdahandan 2 saatlıq yol olacağını diqqətə çatdıran deputat onu da vurğulamışdır ki, bu sərhəd qapısının açılması vilayətin iqtisadi inkişafına da təkan verəcəkdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul