TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜLÜN BƏYANATI
- Hörmətli Prezident, möhtərəm qardaşım!
Hörmətli mətbuat nümayəndələri!
Burada olan bütün seçilmiş qonaqları və mətbuat mənsublarını ən səmimi duyğularla salamlayıram.
Əvvəlcə, dost və qardaş Azərbaycanda olmaqdan məmnun olduğumu qarşınızda bir daha təkrarlamaq istəyirəm. Şimali Kipr Türk Cümhuriyyətindən sonra bu ilk xarici səfərim zamanı mənə və nümayəndə heyətinə göstərilən münasibətə və qonaqsevərliyə görə ürəkdən dərin təşəkkürümü bildirirəm. Bu günə qədər Azərbaycana bütün səfərlərimizdə olduğu kimi, bizlər özümüzü evimizdəki kimi hiss edirik.
Bu ziyarətim, bildiyiniz kimi, iki ölkə arasındakı əbədi qardaşlığın tarixi inkişafında yeni çığır açan son 16 ilin hər baxımdan dəyərləndirilərək, gələcəyə yönəlmiş planlarımızın icrası baxımından böyük bir fürsətdir.
Bu gün apardığımız son dərəcə yararlı müzakirələrdə, siyasi və iqtisadi sahələr başda olmaqla, əlaqələrimizdə bütün sahələri hərtərəfli şəkildə müzakirə etdik. Hər sahədə müsbət olan əlaqələrimizin imkanlarını dəyərləndirdik.
Görüşümüzdə ikitərəfli əlaqələrimizlə bərabər, regional və hərtərəfli aktual mövzular üzərində də fikir mübadiləsi apardıq.
Cənubi Qafqazda sülhün bərqərar olması və qorunması, bölgə ölkələri arasındakı problemlərin sülh yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi məsələlərində ölkələrimizin eyni fikirdə olduğunu bir daha məmnuniyyətlə gördük.
Dağlıq Qarabağ münaqişəsi başda olmaqla, Cənubi Qafqaz bölgəsindəki bütün problemlərin sülh yolu ilə çözülməsi üçün birgə ata biləcəyimiz addımları da nəzərdən keçirdik. Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquqa uyğun sülh yolu ilə aradan qaldırılmasını arzulayırıq.
Cənubi Qafqazda daimi sülhün yaradılması, qorunması üçün Türkiyənin əlindən gələni etməyə hazır olduğunu bir daha vurğulamaq istəyirəm. Türkiyə və Azərbaycan Cənubi Qafqazda sülh, sabitlik, rifah və işbirliyinin yaradılması sahəsində eyni fikirləri bölüşürlər.
Şimali Kipr Türk Cümhuriyyətinin təcriddən qurtarması və bu ölkəyə qarşı cəzanın aradan qaldırılması baxımından qardaş Azərbaycanın bu günə qədər verdiyi dəstəyə görə təşəkkür edirəm. Kipr türklərinin haqlı mübarizələrinə Azərbaycanın dəstəyini bundan sonra da əsirgəməyəcəyinə olan inamım böyükdür.
Ölkələrimiz arasındakı iqtisadi və ticari əlaqələrin sürətlə inkişafından məmnuniyyət duyuruq. Məqsədimiz ardıcıl olaraq artan və 1 milyard dolları keçən xarici ticarət dövriyyəsinin həcminin gələcəkdə 3 milyard dolları keçməsini təmin etməkdir. Türkiyə ticarət əlaqələri və sərmayələr yolu ilə Azərbaycanın iqtisadi inkişafında daha yaxından iştirak etməyə hazırdır. İki ölkə arasındakı iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün istər birgə iqtisadi komissiyanın toplantılarının, istərsə də əməkdaşlıq mexanizmlərinin daha davamlı şəkildə işə salınmasının yararlı olacağına inanırıq.
Azərbaycanın Dünya Ticarət Təşkilatına daxil olmasının ikitərəfli iqtisadi əlaqələrimizin inkişafına və Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasına yardım göstərəcəyinə inanırıq. Bu məqsədlə Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlük məsələsini dəstəkləyirik.
Uzunmüddətli ticarət və iqtisadi əməkdaşlıq Proqramının və İcra planı anlaşmasının reallaşdırılması böyük önəm daşıyır. Bu anlaşmanın həyata keçirilməsini müəyyənləşdirəcək İcra planının bu səfərim zamanı imzalanması bu sahədə atılmış önəmli bir addımdır.
Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji layihələrindən sonra qarşıdakı günlərdə təməlqoyma mərasimini gerçəkləşdirməyi planlaşdırdığımız Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsini də qısa müddətdə tamamlamağı nəzərdə tuturuq. Məqsədimiz üçtərəfli işbirliyini daha da irəliyə aparmaq, üç ölkəni əhatə edəcək ortaq bir iqtisadi dəhliz yaratmaqdır.
Sonuncu dəfə Bakıda iki ölkənin əlaqədar qurumları arasında keçirilən ikitərəfli görüşlərdə Azərbaycan tərəfinə layihəsi təqdim edilmiş ticarət sahəsində müqavilənin imzalanması bu sahədə ilk addım olacaqdır.
Ölkələrimizin yüksək səviyyədə iştirakı ilə 2006-cı il iyulun 13-də rəsmi açılışı gerçəkləşdirilən və dünyanın ikinci ən uzun neft boru xətti olan Bakı-Tbilisi-Ceyhan kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri ölkələrimiz arasındakı strateji işbirliyinin çox önəmli göstəricisidir. Ölkələrimiz arasında bu cür böyük və strateji layihələrin artacağına ümid edirəm. Belə böyük layihələr Azərbaycanın iqtisadi rifahı ilə yanaşı, ölkələrimizin enerji təhlükəsizliyinə də böyük kömək göstərəcəkdir. Bu çərçivədə bundan sonra əsas diqqəti Xəzər təbii qaz layihəsinə verəcəyimizə və bu məqsədlə türkmən qardaşlarımızı daha çox işbirliyinə təşviq edəcəyimizə inanıram.
Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin daha da inkişaf etməsinin birbaşa bəşəri əlaqələrin sıxlaşması ilə bağlı olduğunu düşünürəm. Bu məqsədlə Azərbaycan vətəndaşlarına turist səfərləri üçün qoyduğumuz biraylıq viza rejimini aradan qaldırdıq.
İqtisadi əlaqələrimizin önəmli istiqamətlərindən biri də daşımalardır. Bu baxımdan ucuz, tez və təhlükəsiz nəqliyyatın təsis edilməsi çox önəmlidir. Azərbaycanda iki minə qədər türk şirkəti tərəfindən qoyulan sərmayələrin həcmi 2,5 milyard dolları ötmüşdür. Azərbaycandakı xarici sərmayələr arasında türk firmaları enerji sektorundan kənar sahələrdə birinci yeri tutur. Azərbaycana qoyulan sərmayələrimiz enerji sektoru ilə birlikdə təqribən 5 milyard dollar həcmindədir. Türk şirkətləri 50 minə yaxın Azərbaycan vətəndaşına iş imkanı qazandırmışdır. Şirkətlərimizin Azərbaycanda daha uğurlu fəaliyyət göstərmələri digər tanınmış türk firmalarının da Azərbaycana sərmayə qoymağa istiqamətləndirilməsi baxımından təşviqedici olacaqdır.
Azərbaycanın iqtisadi inkişaf yönündə atdığı addımları və xarici sərmayəçilərə daha əlverişli bir şərait yaratmaq məqsədi ilə gördüyü tədbirləri böyük bir təqdirlə izləyirik. Türk firmalarının Azərbaycanın inkişafına kömək göstərməyə və nəzərdə tutulan sərmayə layihələrini həyata keçirməyə hazır və istəkli olduqlarını xüsusilə bildirmək istəyirəm.
Dəyərli mətbuat nümayəndələri!
Azərbaycan firmalarının da eyni şəkildə Türkiyədə sərmayə qoyduqlarını görməkdən böyük məmnunluq duyuruq. Xüsusilə böyük şirkətlərin Türkiyədəki sərmayələri, doğrudan da, bizi məmnun edir. “Petkim”in özəlləşdirilməsində Azərbaycanın göstərdiyi uğur bütün türk xalqı tərəfindən də böyük təqdirlə qarşılanmışdır. Qarşımızda çox böyük layihələr var. Xüsusilə, Ceyhanda nəzərdə tutulan neftayırma ilə bağlı layihələr bunların başında durur. Azərbaycanın böyük neft şirkətinin bu işlərə maraq göstərdiyini görməkdən böyük məmnuniyyət duyuram. Burada tikiləcək müəssisələrin bütün Aralıq dənizi bölgəsinə və dünyaya xidmət edəcəyini düşünsək, bunların nə qədər böyük məsələlər olduğunu görəcəyik.
Vaxtilə bəzilərinin röya kimi düşündüyü, gerçəkləşəkmi dediyi böyük layihələrin necə gerçəkləşdiyini hamımız bilirik. O zaman bunlar müzakirə olunarkən etiraz edənlər vardı. İndi bu layihələr fəaliyyət göstərir və hər kəs bunu ürəkdən istəyir. İndi buna bənzər yeni layihələrin gerçəkləşdirilməsi zamanıdır. Bunların da həyata keçiriləcəyinə, baş tutacağına inamım böyükdür. Bu sahədə Azərbaycanın və Türkiyənin siyasi iradələri tam açıqdır. Belə səfərlərimiz, bu gün dəyərli Cümhurbaşqanı, hörmətli qardaşımla birlikdə keçirdiyimiz görüşlər bunların isbatıdır. İnanıram ki, qarşıdakı illərdə bu gün bəzilərinin baş tutacaqmı dediyi layihələrin də gerçəkləşəcəyini, açılışlarını keçirəcəyimizi görəcəyik.
Əlaqələrimiz təkcə iqtisadi sahədə deyildir. Mədəni sahədə də çox böyük əlaqələrimiz vardır. Biz ayrı-ayrı dövlətdə yaşayırıq, amma bir millətik. Bu, getdikcə daha çox anlaşılır. Bunun üçün mədəniyyət, təhsil sahəsindəki fəaliyyətlərə hər iki ölkə çox böyük önəm verir. İnanıram ki, bölgədəki digər ölkələr də, bu millətin bir parçası olan digər dövlətlər də eyni münasibəti göstərəcəklər. Türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantısı ötən il Türkiyədə keçirilmişdir. İndi növbə Azərbaycanındır. Hörmətli Cümhurbaşqanı, dəyərli qardaşım İlham Əliyevin rəhbərliyi ilə bu toplantının Azərbaycanda keçiriləcəyinə inanıram. Qısa bir vaxtdan sonra burada bütün türk dünyasını maraqlandıran toplantı, türk xalqlarının qurultayı keçiriləcəkdir. Azərbaycan ev sahibliyi edəcəkdir, bundan qürur duyuruq.
Hörmətli mətbuat nümayəndələri!
Bu görüşdən sonra proqramın digər hissələrinə keçəcəyik. Bu çərçivədə hər iki ölkəni yaxından maraqlandıran məsələlərlə bağlı təmaslarımızı müxtəlif görüşlərimizdə davam etdirəcəyik. Proqramımın Bakı bölümündən sonra gözəl ölkənizin Gəncə şəhərini də ziyarət edəcəyimdən böyük məmnunluq və həyəcan hissi keçirirəm. Gəncənin tarixi mədəniyyət mərkəzi olduğunu çox yaxşı bilirəm. Bununla əlaqədar çox şeylər oxumuşam. Gedib orada canlı görməkdən isə xüsusi məmnunluq duyacağam.
Məmnuniyyətimin başqa bir səbəbi də ilk dəfə Cümhurbaşqanının Bakıdan kənara, Azərbaycanın başqa şəhərinə getməsidir. Bildiyiniz kimi, heyətimiz böyükdür. Heyətimizdə nazir dostlarımın və dövlət nazirləri ilə yanaşı, Türkiyədən gələn çox dəyərli mətbuat nümayəndələri, iş adamları vardır. Onlarla birlikdə Gəncəyə edəcəyimiz bu səfərə də çox böyük önəm verirəm.
Dəyərli qardaşım, hörmətli Cümhurbaşqanının nümayəndə heyətimizə, Türkiyəyə, bizə göstərdiyi bu yaxın münasibətə və qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm. Bu vəsilə ilə bütün azərbaycanlı qardaşlarımıza türk qardaşlarının salamlarını və sevgilərini çatdırıram.
X X X
Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər.
-Hörmətli Prezident, Siz burada görüşlər keçirərkən bu gün
Avropa İttifaqının məruzəsi açıqlandı. Əslində, onda gözləmədiyimiz maddələr yoxdur. Fəaliyyətin sürətləndirilməsi istənilir, hərbinin demokratiyaya təsirinə diqqət çəkilir və limanların açılması mövzuları bir daha xatırladılır, müzakirələrin davam etdirilməsi ilə bağlı tövsiyədən də bəhs olunur. Siz bu məruzəni neçə dəyərləndirirsiniz?
ABDULLAH GÜL: Məruzənin detallarının burada dəyərləndirilməsini istəmirəm. Onsuz da bunu nazirlik açıqlayacaqdır. Birincisi, burada söyləmək istədiyim mövzu budur ki, Türkiyə müzakirə müddətinə çox ciddi yer verir, bunu müvəffəqiyyətlə sona çatdırmaq əzmindədir. Bu müddət içində, təbii ki, Türkiyə bəzi fəaliyyətlər göstərəcəkdir. Bunlar nədir desəniz, bildiyiniz kimi, bunlar siyasi meyarların yerinə yetirilməsidir. Əslində, siyasi meyarları yerinə yetirdiyimiz üçün əsas müzakirələr başlanmışdır. Amma hələ görməyimiz lazım olan bəzi işlərimiz vardır. Türkiyə onsuz da bunu bilir. Bilavasitə islahat müddəti Türkiyədə güclü bir şəkildə davam edəcəkdir. Buna heç kimin şübhəsi olmasın. Bunlar türk xalqının mənafeyinə uyğun olduğu üçün ediləcəkdir.
İkincisi, Avropa Birliyinin irəliyə sürdüyü şərtlərdir. Bununla əlaqədar çox əhatəli proqramlar açıqlanmışdır, bir çox qanunlar, qərarlar nəşr edilir, yayılır. Bu mövzuda müvəffəqiyyətimiz göz qabağındadır. Üçüncüsü, görülən işləri Avropa ictimiyyətinə ən yaxşı şəkildə açıqlamaqdır. Bu müddət çox uzun bir müddətdir. Görülən hər bir iş türk xalqının xeyrinə olduğu üçün görülür. Bunu xüsusilə vurğulayıram. Amma bəzi mövzular var ki, onların bu müddətə aidiyyəti yoxdur. Həmin məruzədəki siz dediyiniz məsələlərin həll olunması üçün Avropa Birliyi də üzərinə düşən işləri görməlidir, verdiyi sözləri yerinə yetirməsi vacibdir.
-Sualım hər iki prezidentədir. Cənab prezidentlər, bir çox hallarda dünyada xalqlarımız, dövlətlərimiz əleyhinə yalan təbliğatın qarşısının alınmasında türk və Azərbaycan diasporlarının fəaliyyətinin daha yaxından əlaqələndirilməsi üçün daha hansı işlərin görülməsi vacibdir?
ABDULLAH GÜL: Bu mövzuda, sadəcə, hökumətlərin üzərinə vəzifə düşmür. Türkiyəyə gələn Azərbaycanın hörmətli mətbuat nümayəndələrinə verdiyim müsahibədə də onlara dedim. Bu məsələdə qeyri-hökumət təşkilatlarının universitet müəllimlərinin, mədəniyyət, elm adamlarının üzərinə çox iş düşür. Bəzən rəsmiyyətin anlatdığı çox faydalı olmaz. Amma qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərmələri çox inandırıcı və faydalı olur. Mətbuat nümayəndələrinin, ziyalıların, intellekt sahiblərinin, tarixçilərin fəaliyyəti çox faydalı olur. Bu baxımdan hər kəs buna diqqət yetirməlidir. Sadəcə, öz insanlarımızı məlumatlandırmaq kifayət etməz. Öz-özümüzə təbliğat aparmaqla məşğul olmamalıyıq. Bunları Avropa, Amerika, ərəb, bütün dünya ictimaiyyətinə anlatmağımız lazımdır. Bunlar edilmədikcə, təəssüf ki, bizim mövqeyimiz zəif olur. Yəni Brüsseldə, Strasburqda, Vaşinqtonda, Qahirədə, hər yerdə anlatmaq lazımdır. Bu işdə hər kəsin səfərbər olması lazımdır.
İLHAM ƏLİYEV: Biz bu sahəyə böyük diqqət göstəririk və bildiyiniz kimi, son müddət ərzində Türkiyə və Azərbaycan diaspor təşkilatları öz fəaliyyətlərini birləşdirmişlər. Buna çox böyük ehtiyac var. Çünki dünyada həm Türkiyədən, həm də Azərbaycandan olan kifayət qədər çox insanlar var. Bizim problemimiz ondadır ki, dünyada güclü erməni lobbisi Türkiyə və Azərbaycana qarşı fəaliyyət göstərir. Erməni lobbisi, demək olar ki, dünyanın bütün aparıcı ölkələrində mövcuddur. Onların çox böyük imkanları var. Onların təsiri altında kifayət qədər çox siyasətçilər var, parlament üzvləri, nazirlər var. Bir çox hallarda Türkiyə və Azərbaycana qarşı əsassız ittihamların təməlində məhz erməni lobbisi, onun maliyyə imkanları və onun tərəfindən idarə olunan riyakar siyasətçilərin fəaliyyəti dayanır. Bu, reallıqdır, gerçəklikdir. Buna hazır olmalıyıq və bu əsassız ittihamlara cavabımız bizim birgə fəaliyyətimiz, təbliğat işlərimiz və Türkiyə, Azərbaycan həqiqətlərini dünya birliyinə çatdırmağımızdır. Biz bu sahəyə Azərbaycanda həm elmi tədqiqatlar işində, həm də təbliğat işində çox böyük diqqət göstəririk. Erməni təbliğatından fərqli olaraq, bu sahədəki fəaliyyətimiz uydurma faktlar əsasında deyil, reallıq əsasında qurulubdur. Haqq-ədalət bizim tərəfimizdədir.
Erməni təşkilatlarının, lobbisinin səyləri nəticəsində dünyanın bir neçə ölkəsinin parlamentlərində Türkiyəyə qarşı əsassız qərarlar çıxarılıbdır. Bütün bu qərarlar tarixi faktların təhrifi üzərində qurulubdur. Bu, böyük erməni yalanıdır ki, biz bununla üzləşmişik. Bizim üçün, əlbəttə ki, bu məsələdə dönüş yaratmaq, həqiqəti çatdırmaq çox vacib məsələdir. Bəzi hallarda Türkiyə və Azərbaycan haqqında dünya mətbuatında gedən yazılar tamamilə yanlış, yalan faktlar əsasında və qərəzli məlumatlardır. Bunun arxasında da bir çox hallarda erməni diasporu, Ermənistan və bizə düşmənçilik edən dünya erməniliyi dayanıbdır. Biz buna hazır olmalıyıq, diaspor təşkilatlarının fəaliyyətini gücləndirməliyik. Azərbaycanda bu sahədə işlər görülür. Bilirəm ki, Türkiyədə də işlər görülür. Həm qeyri-hökumət təşkilatları, həm dövlət qurumları, həm də bütün vətənpərvər insanlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar.
Biz bu yaxınlarda Bakıda Türkiyə-Azərbaycan diaspor təşkilatlarının qurultayını keçirməklə bir daha bu səylərin birləşməsi üçün öz fəaliyyətimizi ortaya qoyduq. Bu səylər birləşdirilməlidir. Bütün ölkələrdə diasporlar təşkilatlanmalıdır. Dövlət və qeyri-hökumət təşkilatları onların fəaliyyətinə öz dəstəyini verməlidir. Yenə də deyirəm, haqq-ədalət bizim tərəfimizdədir. Sadəcə olaraq, biz birgə fəaliyyətimizlə, fəal işlərimizlə bu həqiqəti dünya birliyinin nəzərinə çatdırmalıyıq.
-Hörmətli Prezident, bugünkü görüşünüzdə, xüsusən də hörmətli İlham Əliyevlə təkbətək görüşünüzdə sərhəddən kənar əməliyyatlar və terrorla mübarizə gündəliyə gəldimi?
Hörmətli Baş nazirin Amerika səfərindən əvvəl Türkiyə sözün bitdiyi yerdə idi. Bəs indi haradadır? Buşdan gələn mesajlar Türkiyəni məmnun etdimi?
ABDULLAH GÜL: Təbii ki, görüşümüzdə bu mövzuda danışdıq. Hörmətli Prezident terrorla bağlı fikrini və Türkiyənin terrorla mübarizəsinə verdiyi dəstəyi ifadə etdi. Bundan başqa, son hadisələrlə əlaqədar məndən daha çox məlumat öyrənmək istədilər. Bunları müzakirə etdik. Bu mövzu açıqdır. Türkiyədə bütün qurumlar arasında birlik vardır və necə hərəkət ediləcəyi aydındır.
Hörmətli Baş nazir dünən Amerika Birləşmiş Ştatlarının rəhbərliyi ilə görüşündə Türkiyənin qərarını onlara bildirmişdir. ABŞ-ın bir məsuliyyəti vardır. İraqı işğal edən bir ölkə olaraq, İraqdakı bütün terror təşkilatları ilə mübarizə aparmaq məsuliyyəti vardır. İraqın bir bölgəsində terrorla mübarizə aparıb, başqa bir bölgəsində terror təşkilatı ilə mübarizə etməsə, təzada düşər. Yəni bu, Türkiyəyə kömək etmək məqsədi ilə deyil, öz məsuliyyətidir. Türkiyənin nə edəcəyi, necə davranacağı məlumdur və müəyyən edilmişdir. Hörmətli Baş nazir də məhz belə hərəkət etmişdir.
-Mənim sualım hər iki Prezidentədir. Cənab Prezident Abdullah Gül, cənab Prezident İlham Əliyev, siz hər ikiniz Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətində fəaliyyət göstərmisiniz. Bu baxımdan beynəlxalq təşkilatlarda işlə bağlı böyük təcrübəniz var. Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Bilmək istərdim, bu əməkdaşlığın gələcəyini necə görürsünüz?
İLHAM ƏLİYEV: Biz, əlbəttə ki, bütün beynəlxalq təşkilatlarda çox güclü əməkdaşlıq edirik. Üzvü olduğumuz bütün təşkilatlarda bir-birimizi dəstəkləyirik. Birləşmiş Millətlər Təşkilatında, İslam Konfransı Təşkilatında, Avropa Şurasında, İqtisadi Əməkdaşlıq Təşkilatında və başqa təşkilatlarda. Türkiyə və Azərbaycanın iştirak etdiyi təşkilatlar kifayət qədər çoxdur. Onlarda əməkdaşlığımız, əlbəttə ki, təşkilatda bizim rolumuzu artırır. Hər bir ölkə könüllü şəkildə bu və ya digər təşkilata üzv olur. O təşkilata üzv olmaqla, əlbəttə ki, həm öz siyasi iradəsini ortaya qoyur, həm də burada müəyyən maraqlar da var.
Türkiyə və Azərbaycan, siz də qeyd etdiniz, Avropa Şurası kimi mühüm Avropa təşkilatının üzvüdür. Bu üzvlük, əlbəttə ki, ölkələrimizdə islahatların daha da sürətlə getməsini təmin edir. Azərbaycan Avropa Şurasına üzv olandan sonra ölkəmizdə siyasi islahatlar çox sürətlə getməyə başlamışdır. Azərbaycanda çoxlu qanunlar qəbul edilmişdir. Qanunvericilik bazası Avropa qanunvericilik bazasına yaxınlaşmışdır, bəzi hallarda ona uyğunlaşmışdır. Bu, bizim Avropa strukturlarına inteqrasiya siyasətimizin əlamətidir. Biz çalışırıq ki, bu təşkilatda daha da fəal rol oynayaq. Eyni zamanda, öz mövqelərimizi müdafiə edək. Bəzi hallarda bizi tənqid edənlər o tənqidi yanlış faktlar əsasında ortaya qoyurlar. Bu da var və öz maraqlarımızı müdafiə etməliyik. Biz üzv olduğumuz təşkilatlarda, təbii ki, bundan sonra da vahid mövqedən çıxış edəcəyik.
Mən xatırlayıram ki, Azərbaycan Avropa Şurasına üzv olanda, biz orada qruplararası ilk görüşümüzü türk həmkarlarımızla keçirmişdik və Türkiyə, Azərbaycan nümayəndə heyətləri bizə aid olan bütün məsələlərdə vahid mövqedən çıxış etmişdi, bir-birimizi dəstəkləmişdik. Bir-birimizin sənədlərinə qol qoymuşduq və səsvermədə, çıxışlarda bir-birimizi dəstəkləmişdik. Bu, çox böyük əhəmiyyət daşıyan məsələdir.
Onu da deyə bilərəm ki, 2005-ci ilin əvvəlində Avropa Şurasında, Siyasi Komitədə Ermənistan-Azərbaycan münaqişəsi müzakirə olunanda məhz Türkiyə Cümhuriyyətinin nümayəndəsi, Avropa Şurası Parlament Assambleyasının üzvü və onun mövqeyi bu məsələdə ədalətli qərarın çıxarılmasında çox mühüm rol oynamışdır. Yəni bu dəstəyi, bu qarşılıqlı yardımları biz bütün təşkilatlarda görürük və edirik. Bundan sonra da edəcəyik.
ABDULLAH GÜL: Azərbaycanın Avropa Şurasına üzvlüyü çox önəmlidir. Mən o illərdə Avropa Şurasında Türkiyə nümayəndə heyətinə daxil idim, millət vəkili idim və o vaxtı çox yaxşı bilirəm. Bu üzvlüyə əngəl olmaq istəyənlər də var idi. Biz o zaman buna qarşı çox əmək sərf etmişdik. Azərbaycan Avropa Şurasına üzv olanda Azərbaycanın ulu öndəri Heydər Əliyevin orada söylədiyi nitqin şahidi olmuşam. Bildiyiniz kimi, Avropa Şurası Avropada demokratik standartları, insan haqlarını, hüququn üstünlüyünü müəyyən edən bir qurumdur və böyük bir məktəb şəklindədir.
Azərbaycanın buraya öz istəyi ilə üzv olması onun tutduğu istiqaməti göstərir. Təbii ki, hər şey bir gecədə, bir ildə olmur. Bunlar bir müddətdir, bir məsafədir. İslahat müddəti dediyimiz məsələ bir gecəlik deyildir. Bunlar müddətə, zamana bağlı olan məsələlərdir. Amma Azərbaycanın tutduğu bu istiqamət ölkədə demokratiyanı getdikcə gücləndirdi, hüquqi cəhətdən formalaşdırdı. Biz bundan böyük məmnuniyyət duyuruq. Çünki ölkələr təkcə iqtisadiyyatı, ordusu ilə güclü olmurlar. Güclü idarəetmə sistemi, hüquqi, demokratik təsisatları ilə də güclü hala gəlirlər. Bu mənada Azərbaycanın bu müddət ərzində keçdiyi yolu, həyata keçirdiyi islahatları təqdirlə izləyirik və gələcəyinin çox parlaq olduğuna inanırıq.
Bir az əvvəl mənə verilən sual da, fikir verirsinizsə, Türkiyədəki siyasi meyarlar və islahat müddəti barədə idi. Bu mövzularda özümüzə güvəncimizin olması lazımdır. Biz Türkiyə olaraq uzun illərdir Avropa Şurasının üzvüyük. Avropa Birliyi ilə tam üzvlük müzakirələrinə başladıq. Amma hələ islahatlarla bağlı çatışmazlığın olduğunu söyləyirik. Bunlar normal haldır. Əsas istiqamət, siyasi iradə çox önəmlidir. Mən Azərbaycanda bu siyasi iradənin olduğunu görürəm. Çünki Azərbaycan Avropa Şurasına ürəkdən istəyərək daxil olmuşdur. Hörmətli Cümhurbaşqanının, dəyərli qardaşımın xaricdə çox böyük təcrübəsi vardır. Amma adı çəkilən mövzular zamanla bağlı məsələlərdir. Bunlar bir günlük, bir aylıq, bir illik məsələlər deyildir. İnanıram ki, Azərbaycan qarşıdakı illərdə hər baxımdan daha da güclü olacaqdır.
Azərbaycan Qafqazın parlayan bir ulduzudur. Hər kəs hər il ötdükcə buradakı dəyişiklikləri görəcəkdir. Mən Bakıya hər gəlişimdə burada böyük dəyişikliklər görürəm. Bəlkə də bunu Azərbaycanda yaşayanlar müqayisə etməyə bilər. Uşaq evdə böyüyərkən hiss etməzsiniz, ancaq uzaq yerdən qohumlar gələndə uşağın böyüməsini hiss edərlər.
Siz beş il sonra Türkiyəyə gələndə böyük dəyişiklikləri görəcəksiniz. Buraya da hər gəlişimizdə həm iqtisadi, həm də demokratik dəyişiklikləri - bütün bunları görürük. İnanıram ki, Azərbaycan üçün gələcək daha parlaq, daha yaxşı olacaqdır.