TÜRKİYƏ-UKRAYNA ƏLAQƏLƏRİNİN QƏDİM TARİXİ VAR
Əslinə qalsa, çox az adam bilir ki, hələ Zaporojye Seçi və Osmanlı İmperiyası adlanan iki ölkə arasında ikitərəfli münasibətlər uzaq 1553-cü ildə başlanmışdır. Həmin il knyaz Dmitri Vişnevetski İstanbula rəsmi səfərə gəlmişdir. O vaxt müasir Ukraynanın ərazisindəki bu çox gənc kazak respublikası sərhədyanı münaqişələrin tənzimlənməsi və qarşılıqlı mənafelər sahəsində əməkdaşlığın müzakirə edilməsi üçün Türkiyə ilə “dövlətlərarası dialoq”a başlamışdır. İndiki Ukrayna ərazisini öz aralarında bölüşdürmək istəyən Rusiyanın və Polşanın siyasətinə müqavimət göstərilməsi məsələsi də belə qarşılıqlı mənafelərdən idi.
1648-ci ildə Ukraynanı müstəqil dövlət kimi birinci olaraq məhz Osmanlı İmperiyası tanımış, Ukrayna getmanı Boqdan Xmelnitski ilə müttəfiqlik haqqında müqavilə, habelə sərhədyanı münaqişələrlə və Qara dənizdə ticarət yolları ilə bağlı məsələlərin tənzimlənməsinə dair bir neçə ikitərəfli müqavilə imzalamışdır.
XX əsrin əvvəllərində Melenevskinin başçılığı ilə “Ukraynanın Azadlığı Uğrunda İttifaq”ın siyasi missiyasını və Segelskinin başçılığı ilə “Ukrayna Ali Radası”nın nümayəndələrini məhz Türkiyə qəbul etmişdir. Osmanlı İmperiyasının daxili işlər naziri Tələt bəyin 1914-cü il 24 noyabr tarixli Bəyannaməsi bu təşkilatların fəaliyyətinin nəticəsi olmuşdur. Bəyannamə Ukrayna xalqının müstəqil dövlət yaratmaq hüququnu tanıyırdı. Bu sənədin başlıca müddəaları Ukrayna Xalq Respublikası ilə Türkiyə, Almaniya, Avstriya-Macarıstan İmperiyası və Bolqarıstan arasında Berestey sülh müqaviləsinə Əlavə müqavilənin əsasını təşkil etmişdir.
1922-ci ildə Ukrayna diplomatik nümayəndə heyətinin başçısı Mixail Frunze ilə danışıqlardan sonra Mustafa Kamal Atatürk Ukrayna Sovet Sosialist Respublikası ilə dostluq və əməkdaşlıq haqqında müqavilə imzalamışdır. SSRİ yaradıldıqdan sonra Ukrayna dövləti müstəqilliyini faktik olaraq itirsə də, missiyaların diplomatik münasibətləri və fəaliyyəti 1930-cu ilin sentyabrınadək davam etmişdir.
1992-ci ildə Türkiyə Ukraynada, sonrakı ildə isə Ukrayna Türkiyədə öz səfirliklərini açmışdır. Ukrayna iqtisadiyyatına yatırılan birbaşa kapitalın həcminə görə Türkiyə 114 sərmayəçi ölkə arasında 23-cü yeri tutur. İki ölkə arasında əmtəə dövriyyəsi 2004-cü ildə 3 milyard dollardan artıq olmuşdur. Lakin bu göstərici onları qane etmir. Ona görə də əmtəə dövriyyəsinin həcmini 2010-cu ilədək 10 milyard dollara çatdırmağı qərara almışlar.
İki ölkə arasında iqtisadi əməkdaşlıq kimi, daimi mədəni mübadilə də ildən-ilə genişlənir. Türk dilini öyrənən tələbələr bu ölkəyə ikiaylıq dil praktikası keçməyə gedirlər. Ukraynanın bir neçə məktəbində uşaqlar birinci sinifdən türk dilini öyrənməyə başlayırlar. Kiyev Şərq Dilləri Gimnaziyasında isə onlar türk dilini pulsuz öyrənirlər.
İkitərəfli münasibətlərdə deportasiyadan sonra vətənə qayıdan Krım tatarlarının yerbəyer edilməsi məsələsində əməkdaşlıq da nəzərə alınmışdır. Türkiyə bu başıbəlalı xalqın firavanlığı üçün çox faydalı işlər görür. Prezident Viktor Yuşşenko 2005-ci ildə Ankaraya səfəri zamanı Türkiyədən Krım tatarlarının təhsil almasına və öz mədəniyyətini qoruyub saxlamasına da yardım göstərməyi xahiş etmişdir.
Lakin eyni coğrafi-siyasi mövqedə və enerjidaşıyıcılarının strateji tranzit yollarının üstündə yerləşən, bir-birini tamamlayan iqtisadiyyatları olan iki ölkənin digər təmas nöqtələri də var. Belə ki, hər iki dövlətin Qara dəniz regionunda sabitlikdə maraqlı olması etimadın və Qara dənizdə təhlükəsizliyin möhkəmləndirilməsi tədbirləri haqqında müqavilə (Ukraynanın təşəbbüsü ilə) və Qara dəniz hərbi dəniz əməkdaşlığı yaradılması haqqında müqavilə (Türkiyənin təşəbbüsü ilə) imzalanmasına gətirib çıxarmışdır.
“Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Ukrayna hərbçiləri hər il NATO ölkələrinin, o cümlədən də Türkiyənin ərazisində keçirilən hərbi təlimlərdə iştirak edirlər. Alyansın üzvü olan ölkə kimi Türkiyə Ukraynanı Avropa və Avratlantik qurumlarına qoşulmaqda dəstəkləyir.
(Material Ukrayna mətbuatının materialları əsasında hazırlanmışdır).