TÜRKİYƏ UNİVERSİTETLƏRİNDƏ TƏHSİL ALMAQ İSTƏYƏN AZƏRBAYCAN GƏNCLƏRİ ÜÇÜN QƏBUL İMTAHANLARI KEÇİRİLMİŞDİR
Bakı məktəblərinin və türk liseylərinin müəllimləri imtahana nəzarət etmişlər.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, bu il Azərbaycan gənclərinə Türkiyə Respublikasının ən nüfuzlu 12 universitetində 21 ixtisas üzrə təhsil almaq üçün 47 yer ayrılmışdır.
İmtahanlar Bakıda Azərbaycan Texniki Universitetində (1723 abituriyent), Naxçıvanda isə Naxçıvan Dövlət Universitetində (117 abituriyent) keçirilmişdir.
Müsabiqəni Türkiyə Respublikası Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzi aparacaqdır. Nəticələr TQDK-ya göndərildikdən sonra, qəbul olunanların siyahısı kütləvi informasiya vasitələrində dərc ediləcək, TQDK-nın internet saytında (www.tqdk.gov.az) yerləşdiriləcəkdir.
Müsabiqədən keçən abituriyentlər Türkiyə Respublikasında bir tədris ili müddətində “Türkcə Öyrətim Mərkəzləri”ndə türk dilindən hazırlıq kursu keçəcəklər. Türk dilindən müvəffəqiyyətlə imtahan verib, müsabiqədən keçən abituriyentlər hazırlıq kursunda təhsil almadan birinci kursa qəbul olunacaqlar. Təhsil pulsuzdur. Tələbələr yataqxana və təqaüdlə təmin olunurlar.
Azərbaycanlı gənclər Türkiyə ali məktəblərinə daxil olduğu halda, 2006/2007-ci tədris ili üçün ölkəmizin ali məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak etmək hüququnu itirəcəklər.