Türkiyədə İRS jurnalının yeni nömrəsi çapdan çıxıb
Ankara, 10 yanvar, AZƏRTAC
Türkiyədə Azərbaycanın tarixi və mədəni reallıqlarının beynəlxalq səviyyədə işıqlandırılmasına mühüm töhfələr verən İRS (“Miras”) jurnalının yeni sayı nəşr olunub.
AZƏRTAC xəbər verir ki, jurnalın baş redaktoru Musa Mərcanlı 2025-ci ildə Azərbaycanda bir neçə ildönümü qeyd edilən əlamətdar hadisələri qeyd edib.
“Nəşrin son sayında 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfərinin tarixi əhəmiyyəti araşdırılır. Azərbaycan mətbuatının 150 illiyi ilə əlaqədar olaraq Azərbaycan jurnalistikasının inkişaf mərhələlərinə xüsusi diqqət yetirilir. Jurnalın redaksiya heyəti, həmçinin görkəmli rəssam və milli təsviri sənətdə realistik dəzgah rəsminin banisi Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyinə nəzər salıb”, - deyə o bildirib. Qeyd etmək lazımdır ki, İRS jurnalının yeni sayı Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünün Türk dünyası daxilində əlaqələrin möhkəmləndirilməsində Türk Dövlətləri Təşkilatının rolu haqqında məqaləsi ilə açılır.
Bundan əlavə, oxucular Azərbaycanın mədəni müxtəlifliyi və multikulturalizm, böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsi və digər materiallar haqqında məqalələri oxuya biləcəklər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara