Türkiyəli səyyah: Minalarla çirkləndirilmiş əraziləri təmizləmək üçün beynəlxalq dəstək lazımdır
Füzuli, 6 noyabr, T.Ağaməmmədov, AZƏRTAC
Mən İstanbuldan gəlmişəm. Bir türk olaraq biz çox xoşbəxtik. Azərbaycan torpaqlarının 30 il ərzində ermənilərin işğalı altında olması bizi çox narahat edirdi. Şükür olsun ki, sonda torpaqlar geri qaytarıldı.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında dünya səyyahlarının Azərbaycanın işğaldan azad edilən ərazilərinə növbəti səfəri zamanı Füzuli rayonunda Ermənistan hərbçiləri tərəfindən basdırılan minaların zərərsizləşdirilməsi prosesini izləyərkən türkiyəli səyyah Tufan Sevincəl deyib.
“Qarabağ bölgəsində minalarla çirkləndirilmiş ərazilər çoxdur. Ermənilər buranı tərk edərkən hər tərəfi dağıdıb gediblər. Mina basdırılmış ərazilər insanlar üçün çox təhlükəlidir. Bu əraziləri təmizləmək üçün beynəlxalq dəstək lazımdır. Əks təqdirdə minaları təmizləmək uzun zaman alacaq”, - deyə o əlavə edib.
Qeyd edək ki, dünyaşöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan NomadMania klubunun 26 ölkəni (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və sair) təmsil edən 50 nəfərə yaxın geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri təşkil olunub. Qrupa NomadMania klubunun rəhbəri, dünyanın səyyah elitasının əsas simalarında biri olan Harry Mitsidis başçılıq edib.
Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels", İsveçin "Club 100" klublarının geniş tərkibdə heyətləri ötən iki ildə 8 dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib. Bu, sayca 9-cu analoji səfərdir. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə, 4-ü isə 2023-cü ildə reallaşıb.