TÜRKİYƏNİN BAŞ NAZİRİ İRANDA İŞGÜZAR SƏFƏRDƏ OLMUŞDUR
Türkiyənin Baş naziri İraqın ərazi bütövlüyü məsələsində ölkəsinin İranla eyni mövqedən çıxış etdiyini vurğulayaraq, bu məsələnin regionda sülhün və təhlükəsizliyin başlıca amili olduğunu bildirmişdir. Rəcəb Tayyib Ərdoğan demişdir ki, İraqdakı vəziyyət təkcə Bağdadın deyil, bütün bölgənin problemidir. Region dövlətləri təriqətlər arasında getdikcə qızışan müharibənin dayandırılması yollarını araşdırmalıdırlar.
Livandakı vəziyyətə toxunan Rəcəb Tayyib Ərdoğan, burada da dini təriqətlər arasında qarşıdurmanın gücləndiyindən narahat olduğunu demişdir. “Hizbullah” təşkilatının hökumət koalisiyasından çıxmasının əleyhinə olduğunu bildirən Baş nazir, koalisiya içərisindəki problemləri həll etmək üçün Türkiyə, İran və Suriyanın əməkdaşlıq edə biləcəyini diqqətə çatdırmışdır.
Yaxın Şərqdə gərginliyin digər mənbəyi olan Fələstinə gəldikdə isə, Türkiyə hökumətinin başçısı rəsmi Ankaranın buradakı seçilmiş hökumətə dəstəyinin davam etdiyini, demokratiyaya hörmət edənlərin də Fələstinin qanuni yolla seçilmiş iqtidarına hörmət etməsinin vacibliyini söyləmişdir.
Rəcəb Tayyib Ərdoğan Tehranda ikitərəfli əlaqələr, İranın nüvə proqramı və enerji məsələləri ətrafında da müzakirələr aparmışdır.