Türkiyənin Hacəttəpə Universitetinin mütəxəssisləri Azərbaycan Tibb Universitetində olmuşlar
Bakı, 29 sentyabr (AZƏRTAC). Azərbaycan Tibb Universitetində (ATU) Türkiyənin nüfuzlu Hacəttəpə Universitetinin bir sıra mütəxəssisləri ilə görüş keçirilmişdir.
ATU-dan AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Dünya Bankının “Səhiyyə sektorunda islahatlar layihəsi” çərçivəsində keçirilən tədbirdə diplomaqədər və diplomdan sonrakı tibb təhsilinin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.
Tədbirdə əsasən rezidentura təhsili ilə əlaqədar hər iki universitet arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunmuş, Hacəttəpə Universitetində baza təhsilindən sonrakı pillə üzrə təhsil imkanları ilə bağlı videotəqdimat nümayiş etdirilmişdir. Həmçinin Azərbaycanda diplomdan sonrakı tibbi təhsilin inkişafı və təkmilləşməsi, rezidentura təhsili sahəsində ayrı-ayrı ixtisaslar üzrə tədris proqramlarının icmalı aparılmış, onların təhlili və beynəlxalq standartlara uyğunlaşması üzrə fəaliyyət istiqamətləri müzakirələr olmuşdur.
Görüşdə Azərbaycan tərəfindən ATU-nun elmi işlər üzrə prorektoru, professor İbrahim İsayev, Universitetin rezidentura şöbəsinin müdiri Rizvan Məmmədov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəhimə Qəbulova iştirak etmişlər.