Türkiyənin Ukraynadakı yeni səfiri etimadnaməsinin surətini təqdim edib
Kiyev, 18 oktyabr, AZƏRTAC
Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Perebiynis Türkiyə Respublikasının Ukraynadakı yeni səfiri Mustafa Levent Bilgenin etimadnaməsinin surətini qəbul edib.
Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir müavini iki ölkə arasında ikitərəfli dialoqun səviyyəsini müsbət qiymətləndirib, Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi daimi dəstəyə görə minnətdarlığını bildirib.
Evgeni Perebiynis və Mustafa Levent Bilgen ikitərəfli əməkdaşlığın bir sıra aktual məsələlərini və beynəlxalq gündəliyi, xüsusilə ərzaq təhlükəsizliyinin təmin edilməsi və Ukrayna Prezidenti Volodimir Zelenskinin “Sülh Formulası”nın müddəalarının həyata keçirilməsi kontekstində müzakirə ediblər.
Nazir müavini Mustafi Levent Bilgenə Ukrayna ilə Türkiyə arasında strateji tərəfdaşlığın dərinləşməsinə töhfə verəcək fəaliyyətində uğurlar arzulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev