Türkiyəyə təşkil olunacaq ixrac missiyasında iştirak üçün sənəd qəbulu elan edilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Dekabrın 3-8-də Türkiyənin Adana, Mərsin, İstanbul şəhərlərinə ixrac missiyası təşkil olunacaq.
AZƏRTAC Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadla xəbər verir ki, İqtisadiyyat Nazirliyi ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edib.
İxrac missiyası qida və içki sənayesi, həmçinin tikinti materialları sahələrini əhatə edir. İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəklər. Müsabiqə noyabrın 10-da AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları: ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı - 10 bal; nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı - 10 bal; sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) - 5 bal; Meyarların cəmi üzrə minimum keçid balı: 20 bal.
İxrac missiyasında iştirak etmək istəyənlər oktyabrın 27-dək AZPROMO-ya müvafiq sənədləri təqdim etməlidirlər.