“Tütün və alkoqolun insan sağlamlığına vurduğu zərərin tibbi aspektləri” mövzusunda növbəti seminar keçirilmişdir
Bakı, 15 aprel (AZƏRTAC). Binəqədi rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində “Tütün və alkoqolun insan sağlamlığına vurduğu zərərin tibbi aspektləri” mövzusunda seminar - müsabiqə davam edir.
Seminar-müsabiqə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Gənclər və İdman İdarəsi və “HB Co.LTD”nin birgə təşkilatçılığı ilə keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirlər çərçivəsində Binəqədi rayonu üzrə 32 orta ümumtəhsil məktəbini əhatə edəcək silsilə seminarlardan sayca üçüncüsü 100 nömrəli orta məktəbdə keçirilmişdir.
YAP Binəqədi Rayon Təşkilatının baş təlimatçısı Elnur Məmmədov tədbirin mahiyyəti haqqında məlumat vermiş, zərərli vərdişlərdən və bu vərdişlərin fərdin inkişafına mənfi təsirindən danışmışdır. O qeyd etmişdir ki, cəmiyyətin sağlam olması üçün gənclər, yeniyetmələr tütün, alkoqol və digər zərərli vərdişlərdən uzaq olmalıdırlar. E.Məmmədov bu seminarların gənclərin zərərli vərdişlərdən uzaq olmalarına kömək edəcəyini bildirmişdir.
Sonra tədbirdə layihənin əlaqələndiriciləri Nahidə Mahmudova və Şəhriyar Səmədzadənin təqdimatında tütün və alkoqolun insan sağlamlığına zərəri haqqında müxtəlif slaydlar göstərilmiş, gənclər arasında tütün və alkoqolun zərəri haqqında şagirdlər arasında anket sorğusu keçirilmişdir.
Bu tədbirlərin keçirilməsində məqsəd yeniyetmələrin, gənclərin alkoqoldan və siqaretdən istifadə səbəblərini öyrənmək və zərərli vərdişlərin insan sağlamlığına mənfi təsirini izah etməklə onları bu vərdişlərdən uzaqlaşdırmaqdır.