TÜTÜNLƏ MÜBARİZƏ ÜZRƏ İCTİMAİ KOALİSİYANIN 5-Cİ GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
Bakı, 25 iyun (AZƏRTAC). İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası tərəfindən ABŞ-ın Blumberq Təşəbbüsü Fondunun dəstəyi ilə “Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” layihəsi çərçivəsində Tütünlə mübarizə üzrə İctimai Koalisiyanın 5-ci görüşü keçirilmişdir.
Görüşdə dövlət, beynəlxalq və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak etmişdir. Tədbirdə “31 may - Dünya Tütünsüz Günü” ilə bağlı keçirilən tədbirlər haqqında məlumat mübadiləsi, “Siqaretçəkmənin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsi və bunlarla bağlı bir sıra məsələlər təhlil olunmuş, mövcud problemlər ətrafında müzakirələr aparılmışdır.
Görüşdə, həmçinin İSİM-in direktoru Ceyhun Məmmədov Rumıniyanın Buxarest şəhərində Tütünə qarşı Mübarizə üzrə ÜST-nin Çərçivə Konvensiyasının Avropa Regionu ölkələrində icrası mövzusunda iyunun 10-da tütünlə mübarizə üzrə milli əlaqələndiricilərinin müşavirəsində iştirakı barədə məlumat vermişdir. O, tütünlə mübarizə sahəsində dünya ölkələrinin təcrübəsindən ətraflı danışmışdır.